Vüqar Rəhimzadə: "Xeyirxahlıq, humanistlik Mehriban xanım Əliyevanın həyat amalıdır"
Bizi izləyin

Nida Xəbər

Vüqar Rəhimzadə: "Xeyirxahlıq, humanistlik Mehriban xanım Əliyevanın həyat amalıdır"

“Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, Azərbaycan Gimnastika Federasiyasının rəhbəri, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinə bir daha nəzər salsaq, hər addımın əsasında xeyirxahlığın, humanizmin, səmimiyyətin, vətəndaşlıq təəssübkeşliyinin yüksək səviyyədə qorunduğunun şahidi olarıq”.

Publika.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, Mehriban xanım Əliyevanın “Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir” fikri qazandığı uğurların, gördüyü işlərin bələdçisidir.

“Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdimatında bu prinsipləri də diqqətə çatdırıb: “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar”.

Ulu öndər Heydər Əliyevin ideyalarına, Azərbaycan xalqının zəngin mədəniyyətinə, milli- mənəvi dəyərlərinə dərindən bağlılıq Mehriban xanım Əliyevanın həyat amalına çevrilib, zaman-zaman daha geniş sahələri əhatə edib. Heydər Əliyev Fondunun prezidenti kimi Ümummilli Liderin irsinin təbliği ilə məşğul olan Mehriban xanım Əliyeva Azərbaycan xalqının tarixinin, mədəniyyətinin xarici ölkələrdə daha yaxından tanıdılması sahəsində çox böyük uğurlara imza atıb.

Uğurlarımıza davamlı töhfələri ilə diqqət çəkən Mehriban xanım Əliyevanın xidmətlərinin miqyası ölçüyəgəlməzdir. Azərbaycan reallıqlarının təbliği istiqamətində dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlər, təqdimatlar, hazırlanan vəsaitlər, nəşr edilən kitablar məqsəd və məramın açıqlanmasına yardımçı olur. Mehriban xanım Əliyevanın xidmətləri Azərbaycanın dövlətlər, xalqlar arasında körpü roluna yeni töhfələr verir. Onun milli-mənəvi dəyərlərimizin, tariximizin qorunması və təbliği istiqamətində atdığı addımlar Azərbaycan-YUNESKO əlaqələrinin bugünkü inkişafında, gələn il qurumun Ümumdünya İrs Komitəsinin növbəti 43-cü sessiyasının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul olunmasında stimulverici amil rolunu oynamışdır. Onun səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri YUNESCO-nun müvafiq siyahılarında yer almışdır. Muğam sənətinin, aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənətinin YUNESKO-nun nadir, şah əsərləri siyahısına daxil edilməsi Azərbaycanla bu təşkilat arasında əməkdaşlığın davamlılığına xidmət edən töhfələrdir”.

V.Rəhimzadə xatırladıb ki, Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı ilə ölkəmizdə “Eurovision” mahnı yarışmasının, eyni zamanda Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi Azərbaycanın malik olduğu imkanların dünyaya təqdimatında əhəmiyyətli rol oynayıb:

“Məqsəd ötən hər günü tarixinə uğur səhifəsi kimi yazan Azərbaycanın beynəlxalq aləmdə yerini və rolunu möhkəmləndirmək, həqiqətlərimizi dünya ictimaiyyətinə olduğu kimi çatdırmaqdır”.

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti sırasında Milli Məclisin deputatı olarkən gördüyü işlərdən, qazandığı seçici etimadından da geniş bəhs edib. Bildirib ki, sözü ilə əməli bir olan, verdiyi vədləri layiqincə yerinə yetirən, mühüm problemlərin həllinə yüksək səviyyədə nail olan Mehriban xanım Əliyevanın gördüyü işlər insanlarda böyük ruh yüksəkliyi yaradıb.

V.Rəhimzadə vurğulayıb ki, Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasını təşkil edən prinsiplərin dəyişməzliyi onun uğurlarının müşaiyətçisidir. Mehriban xanım Əliyevanın özünün də vurğuladığı kimi, insanın malik olduğu imkanlar, eyni zamanda, Allah Təalanın köməkliyi yüksək nəticələrin əldə olunmasına, qarşıya qoyulan məqsədlərə nail olmağa yol açır: “Mehriban xanım Əliyevanın aldığı mükafatlar, fəxri adlar onun fəaliyyətinin nə dərəcədə çoxşaxəli olduğuna əyani sübutdur. Ən böyük mükafat isə xalqın sevgisidir. Dövlətimizin başçısı İlham Əliyev Mehriban xanım Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdim edərkən bildirib: “Bax, bu, çoxşaxəli fəaliyyət və eyni zamanda, uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Eyni zamanda, qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır”. Ölkə Prezidentinin bu etimadını yüksək dəyərləndirən Mehriban xanım Əliyeva “Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam» vədini verməklə, istər bu günədək Heydər Əliyev Fondunun prezidenti, istərsə də son bir ildən artıq dövr ərzində Azərbaycanın Birinci vitse-prezidenti kimi bütün fəaliyyətini məhz bu prinsiplər üzərində qurub”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm