"Rusiya açıq kartlarla Azərbaycanın mövqeyini dəstəklədiyini sübut edir"- Politoloq
Bizi izləyin

Nida Xəbər

"Rusiya açıq kartlarla Azərbaycanın mövqeyini dəstəklədiyini sübut edir"- Politoloq

“Azərbaycanla Rusiya arasında münasibətlər özünün xüsusi xarakteri ilə digərlərindən seçilir. Bu xarakter ondan ibarətdir ki, iki tərəf arasındakı münasibətlər son 10-15 il ərzində çox dinamik üsulla inkişaf etməkdədir”.

Bu sözləri Publika.az-a politoloq Elşad Mirbəşiroğlu Rusiya ilə Azərbaycan hökumətləri arasında 2024-cü ilə qədər imzalanan əməkdaşlıq proqramı haqqında danışarkən deyib. O bildirib ki, iki ölkə başçısı arasında tez-tez təkbətək görüşlərin keçirilməsi ölkələr arasındakı sürətli inkişafa ciddi təkan verir:

“Bu günki reallığa diqqət yetirsək, Rusiyanın dünyanın aparıcı dövləti olduğunu və dünya geosiyasəti istiqamətini müəyyənləşdirmək ixtiyarında olduğunu görmüş olarıq. Azərbaycanla Rusiya arasında siyasi, iqtisadi, hərbi-texniki, humanitar, turizm və digər sahələrin inkişafı hər iki ölkənin maraqları çərçivəsindədir. Nəzər almaq lazımdır ki, Rusiyanın regionda olduqca ciddi və konkret geosiyasi maraqları vardır. Eyni zamanda, bu gün Rusiya ilə geosiyasi rəqabət aparan Qərbin də regionda öz maraqları var. Bir reallıq var ki, bu fonda Rusiya yenə də regionun ən güclü dövləti olan Azərbaycanı öz yanında görmək, onunla sıx əməkdaşlıq etmək və bu əlaqələrin perspektivlərini genişləndirmək niyyətindədir. Bu baxımdan iki ölkə arasındakı münasibətlər bütün xırdalıqlarına qədər tərəflərin qarşılıqlı siyasi, iqtisadi maraqlarını təmin edir. Xüsusilə də təhlükəsizlik məsələlərində bu öz sözünü deyir. Bu məqamda Rusiya Azərbaycan münasibətlərinin mövcud vəziyyəti gələcəkdə daha da güclü bağların formalaşcağına işarədir. Birincisi onu xatırlatmaq istəyirəm ki, Rusiya İran-Azərbaycan arasında ikitərəfli əməkdaşlıq formatı istiqamətində ciddi addım atmışdır. Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması, ikitərəfli formatda münasibətlərin daha inkişafı üçün əsas platforma rolunu oynamaqdadır”.

Politoloq Xəzərin hüquqi stastusu ilə bağlı qəbul edilən konvensiyaya da toxunub. O bildirib ki, konvensiyanın qəbulundan sonra bu istiqamətdə həm Rusiya, həm Azərbaycan, həm də İran arasında əməkdaşlığın yeni imkanları yaranmış oldu:

"Bunların fonunda Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya səfəri və Soçidə Vladimir Putinlə görüşərək hər iki tərəfin ümumi, ortaq maraqlarına xidmət edən çox vacib əməkdaşlıq prioritetlərinin müəyyənləşdirməsi, sənədlərin imzalanması Azərbaycanla Rusiya arasındakı münasibətlərin gələcək vəziyyəti haqqında da fikir formalaşdırır. 2024-cü ilə qədər iki ölkə arasında davam edəcək bir yol xəritəsi tərtib edilib. Bu yol xəritəsində tərəflər arasındakı əməkdaşlığın müxtəlif istiqamətləri yer alır. Nəzərə almaq lazımdır ki, Rusiya ATƏT-in MİSK qrupunun həmsədr dövlətlərindən biridir və eyni zamanda münaqişənin mövcud olduğu regionda kifayət qədər güclü söz sahibidir. Bunu Rusiyanın opponentləri də qəbul edir. Müvafiq olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində də Rusiyanın daha təsirli olduğunu inkar etmək olmaz. Təxminən 2 il öncə Almaniyanın Federal Kansleri Angela Merkel çıxışlarından birində “Ermənistan Azərbaycan münaqişəsinin tənzimlənməsində əsas rolun Rusiyada olduğunu” açıq şəkildə bəyan etmişdir. Bununla da Merkel Rusiyanın regiona real təsir imkanlarının olduğuna işarə edirdi. Təbii ki, bu baxımdan Azərbaycanın münaqişə vəziyyətində, ədalətli mövqelərinin dəstəklənməsində çox ciddi rolu ola bilər. Nəzərə almaq lazımdır ki, Ermənistan hər halda Rusiya ilə hərbi texniki sahədə əməkdaşlığı ilə öyünərək bir növ Azərbaycanı bununla şantaj etməyə cəhd göstərirdi. Görünən isə odur ki, bu gün Rusiya ilə Azərbaycan arasında hərbi texniki sahədə çox ciddi əməkdaşlıq mövcuddur. Bunun da əsas göstəricisi Rusiya ilə Azərbaycan arasında 5 milyard dollar dəyərində hərbi ləvazimatların, silah-sursatların alınması ilə bağlı razılaşmanın əldə olunmasıdır. Bu razılaşma ona dəlalət edir ki, Rusiyanın regiondakı hərbi texniki sahədə əməkdaşlıq etdiyi yeganə dövlət Ermənistan deyil. Azərbaycan ondan daha perspektivli, daha güclüdür və Rusiya öz mövqeyi ilə bunu bir daha təsdiqlədi. Eyni zamanda bu əməkdaşlıqda bizim üçün ən vacib məqamlardan biri mən deyərdim ki, ərazi bütövlüyünün tənzimlənməsinə dair müzakirələrdir. Bu Ermənistan – Azərbaycan münaqişəsi vəziyyətində ədalətli mövqeyimizin təsdiq edilməsi baxımından çox önəmlidir. Hesab edirəm ki, Rusiya öz davranışları ilə bunu açıq şəkildə bildirir və bu isə bütövlükdə iki ölkə arasındakı münasibətlərin strateji xarakterinə təsir göstərir. Düşünürəm ki, bundan sonra qeyd etdiyimiz istiqamətlərdə tərəflər arasında ciddi addımlar atılacaq və bu da ən etibarlı tərəfdaşlığın ən ideal nümunəsini ortaya qoyacaq. Xüsusilə qeyd edilməli məqamlardan biri də Rusiya tərəfinin Azərbaycana olan etimadının qərəzsiz olmasıdır. Rusiya Azərbaycana son dərəcə güvənir. Buna sübut olaraq Rusiya Hərbi Baş Qərargah rəisi ilə ABŞ Hərbi Qərargah Rəisi arasında iki görüşün də Bakıda keçirilməsi, eləcə də Türkiyə-Rusiya arasındakı son münasibətlərin normala qaytarılmasında Azərbaycanın imkanlarının real qiymətləndirilməsini diqqətə çatdırmaq lazımdır. Bu da o deməkdir ki, Rusiya Azərbaycana kifayət qədər potensiallı tərəfdaş kimi baxır və onunla münasibətlərin daha da yaxşılaşdırılmasında birbaşa şəxsi iradəsini ortaya qoyur”.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm