Elman Nəsirov: “Soçi görüşü Azərbaycan-Rusiya münasibətlərinin inkişafında yeni imkanlar açdı”
Bizi izləyin

Nida Xəbər

Elman Nəsirov: “Soçi görüşü Azərbaycan-Rusiya münasibətlərinin inkişafında yeni imkanlar açdı”

“Prezidenti İlham Əliyevin sentyabrın 1-də Rusiyaya rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin inkişafı üçün yeni imkanlar açıb. İmzalanmış sənədlərin miqyası da bu səfərin Azərbaycan-Rusiya münasibətləri üçün ilin hadisəsi olduğunu göstərir”.

Bu barədə Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycan və Rusiya liderlərinin Soçi görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, Soçidə Azərbaycan və Rusiya arasında imzalanmış sənədlər olduqca əhəmiyyətlidir.

E.Nəsirov qeyd edib ki, Rusiya və Azərbaycan arasında münasibətlər müsbət tendensiya üzrə inkişaf edib.

“Soçi görüşündə “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı” imzalandı. Bu, iki ölkə arasında siyasi dialoqu, ticari-iqtisadi inkişafı, investisiya qoyuluşu məsələlərini, yeni nəqliyyat dəhlizlərinin yaradılması, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi və digər sahələr üzrə yol xəritələrini özündə ehtiva edir. Hər iki dövlətin prezidentlərinin imzaladığı bəyanat isə nəticə etibarilə Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətlərini göstərən bir sənəddir. Bizim iqtisadi sahədə əməkdaşlığımızın çox geniş imkan və potensialı var. Azərbaycan ilə Rusiya arasında humanitar sahədə əməkdaşlıq məsələləri də genişlənməkdədir”, - deyə deputat diqqətə çatdırıb.

E. Nəsirov görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələlərin də xüsusi diqqət mərkəzində saxlanıldığını bildirib: “Rusiya Prezidenti Vladimir Putin ölkəsinin ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə tənzimlənməsi prosesinə bundan sonra da fəal dəstək verəcəyini bildirib. Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, bu münaqişə regionda sülhə və təhlükəsizliyə ən ciddi təhdiddir. Münaqişə nəticəsində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış torpaqlarının 20 faizindən çoxu işğal altındadır. Ölkəmizdə bir milyondan çox qaçqın və məcburi köçkün var. Bu münaqişə həllini tapmadıqca o, regionda riskləri artıran əsas amil olacaq. Yalnız münaqişənin həlli region üçün də yeni şərait təmin edər. Heç şübhəsiz ki, bu münaqişənin həlli Ermənistanın düşdüyü mövcud böhranlı vəziyyətdən çıxması üçün də ən düzgün yoldur. Bunun alternativ yolu yoxdur. Yalnız işğala son qoyulması Ermənistanın gələcəyi deməkdir”.

Milli Məclisin deputatı əlavə edib ki, Soçi görüşü Azərbaycanla Rusiya arasında dostluq və mehriban qonşuluq münasibətlərinin bundan sonrakı inkişafı, regionda sülhün və təhlükəsizliyin təminatı üçün mühüm rol oynayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm