Fransız portalı Qarabağdan yazdı
Bizi izləyin

Nida Xəbər

Fransız portalı Qarabağdan yazdı

Fransanın AgoraVOX portalında “Azərbaycanda 1 milyon qaçqın” adlı məqalə dərc olunub.

Publika.az xəbər verir ki, ölkəmizin coğrafi mövqeyi haqqında məlumat verilən məqalədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı 7 rayonunun erməni silahlı qüvvələri tərəfindən işğal edilməsindən, bunun nəticəsində yaranmış problemlərdən söhbət açılıb. Həmçinin BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazisinin işğalı ilə bağlı 4 qətnamə qəbul etdiyi və bu sənədlərdə erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz və dərhal çıxmasının tələb olunduğu vurğulanıb.

Yazıda Ermənistan silahlı qüvvələrinin torpaqlarımızı işğal etməsi nəticəsində 1 milyon azərbaycanlının öz doğma evindən didərgin düşdüyünü, məcburi köçkün və qaçqın həyatı yaşadığı qeyd edilib.

Məqalədə Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ilə müsahibə də yer alıb. H.Hacıyev Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində yaranan humanitar faciədən bəhs edib, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin kağız üzərində qaldığını və Ermənistanın onlara riayət etmədiyini diqqətə çatdırıb. Eyni zamanda, H.Hacıyev dünyəvi ölkəmizin multikultural mərkəzə çevrilməsindən söz açıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev müsahibəsində Ermənistanın işğal siyasətini davam etdirməsindən söz açıb. Bir milyon azərbaycanlı məcburi köçkün və qaçqının çadır düşərgələrində yerləşdirildiyini və 2003-cü ildə Prezident İlham Əliyevin “ölkədə bir dənə də olsun çadır düşərgəsi qalmayacaq” vədindən danışıb. Bildirib ki, 2007-ci ildə bütün çadır düşərgələri yeni salınmış müasir qəsəbələrlə əvəz edilib və erməni işğalı nəticəsindən doğma yurdundan didərgin düşən azərbaycanlılar evlərlə təmin olunublar.

R.Rzayev 2016-cı ildə Ermənistanın hərbi təxribatı nəticəsində baş vermiş 4 günlük müharibədən də söz açıb və bəzi ərazilərimizin azad olunduğunu qeyd edib. O, bir milyon qaçqın və məcburi köçkünün doğma yurduna qayıtması üçün böyük dövlətlərin “passiv siyasətdən” “aktiv siyasətə” keçməsinin vacibliyini bildirib.

İşğal altındakı Şuşa şəhərində anadan olan R.Rzayev beynəlxalq hüququn, sülh tərəfdarlarının qalib gələcəyinə əminliyini bildirib. O, ölkəmizin, rəhbərlik etdiyi komitənin dünyaya açıq olduğunu bəyan edib. Minsk qrupunun həmsədri olan Fransanın vacib ölkə olduğunu və BMT TŞ-nin 4 qətnaməsinin həyata keçirilməsinə fəal kömək göstərməsinin vacibliyini diqqətə çatdırıb.

Məqalədə, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu, karbohidrogenlərlə zəngin ölkəmizin iqtisadiyyatını şaxələndirilməsi, kənd təsərrüfatı, yenilənən enerji, nəqliyyat, turizm sahələrinin inkişafına böyük önəm verməsi qeyd edilib.

Yazıda bir sıra fransız şirkətlərinin Azərbaycanda fəaliyyəti haqqında da məlumat verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm