Vəkillər Kollegiyası açıqlama yaydı
Bizi izləyin

Nida Xəbər

Vəkillər Kollegiyası açıqlama yaydı

Fariz Namazlı və Əsabəli Mustafayev Vahid Siyasi Məhbus Siyahısı üzrə İşçi Qrupa daxil olmadıqlarını bildiriblər.

Publika.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının (VK) bu günlərdə bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə verilən “Vahid siyasi məhbus siyahısı hazırlanıb” başlıqlı hesabat-yazı ilə bağlı yaydığı açıqlamada qeyd olunub.

"Yazıda deyilir ki, guya Azərbaycanda vəkillərə qarşı repressiv siyasət aparılır, siyasi məhbuslara hüquqi yardım etmək üçün bir neçə vəkil qalıb, regionlarda müdafiə mexanizmlərinin olmaması ucbatından müdafiə təmin edilmir. Eyni zamanda adıçəkilən hesabatı və siyahını hazırlayan Vahid Siyasi Məhbus Siyahısı üzrə İşçi Qrupa daxil olan şəxslərin adları göstərilir ki, orada Vəkillər Kollegiyasının üzvləri Əsabəli Mustafayev və Fariz Namazlının adları qeyd olunub. Bu yazı ilə bağlı Vəkillər Kollegiyası bildirir ki, həmin hesabatla Kollegiyanın “repressiv fəaliyyət”i barədə böhtan xarakterli məlumat verilməklə ictimaiyyətdə elə təsəvvür formalaşdırılmağa çalışılır ki, sanki vəkillər Əsabəli Mustafayev və Fariz Namazlı öz təmsil olunduqları qurumu fəaliyyətinə görə tənqid edirlər. Vəkillər Kollegiyası qeyd olunan hesabatı onun ünvanına atılmış böhtan olaraq qiymətləndirir və bildirir ki, vəkillər Fariz Namazlı və Əsabəli Mustafayev Vəkillər Kollegiyasının Rəyasət Heyətinə yazılı müraciət edərək qeyd olunan İşçi Qrupun üzvü və hesabatın həmmüəllifləri olmadıqlarını, habelə hesabatda onların imzalarının olmadıqlarını bildiriblər. Hətta müraciət edərək adlarının da bu barədə məlumatlardan çıxarıldığını bildiriblər. Vəkillər Kollegiyası təəssüf hissi ilə bildirir ki, hesabatın müəllifləri Vəkillər Kollegiyasının üzvlərinin adlarını İşçi Qrupun üzvləri sırasına daxil etməklə hesabata mötəbərlik xarakteri verməyə cəhd edib və Kollegiyanın üzvlərinin adından spekulyativ məqsədlə istifadə etməklə ictimaiyyəti və beynəlxalq təşkilatları çaşdırmağa çalışıblar", - VK-dan bildirilib.

Vəkillər Kollegiyası adıçəkilən hesabat müəlliflərinə qəti etiraz etməklə bu cür qanunsuz və saxta üsullara son qoymağa çağırır: "Vəkillər Kollegiyası bəyan edir ki, Kollegiya bundan sonra da ölkə vətəndaşlarının yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsini və insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üzrə fəaliyyətini ən yüksək peşəkar standartlara cavab verməklə davam etdirəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm