Aşurada qan vermək bunun ən sivil yoludur - Azər Həsrət
Bizi izləyin

Nida Xəbər

Aşurada qan vermək bunun ən sivil yoludur - Azər Həsrət

“Azərbaycanda din dövlətdən ayrıdır, lakin bununla yanaşı dövlət dinin ayaqda durması, inkişafı, inanclı insanların ayinlərini ən yüksək səviyyədə gerçəkləşdirməsi üçün yardımçı olur”.

Bu sözləri Publika.az-a açıqlamasında Mətbuat Şurasının İdarə heyətinin üzvü, siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, dövlətin dini ayinlərin keçirilməsi üçün yaratdığı azad mühitdən bəzi hallarda sui-istifadə edənlər olur:

“Dövlətin hər zaman din üzərində qayğısı var, məscidlər tikilir, dini ayinlərin kütləvi şəkildə icra edilməsi üçün bütün təhlükəsizlik tədbirləri görülür. Dövlət insanların rahat, azad və sərbəst şəkildə dini ayinlərini yerinə yetirmələri üçün imkan yaradır. Təəssüf ki, bu iradədən sui-stifadə etmək istəyənlər az deyil. Xüsusən də, xarici dövlətlərə bağlı qüvvələr, bu cür ayinlər zamanı dindar bacı-qardaşlarımızın diqqətini başqa istiqamətlərə yayındırmağa çalışırlar. Bu baxımdan Aşura, eləcə də Məhərrəmlik ayındakı digər mərasimlər həmin qüvvələr üçün fürsətə çevrilir. Onlar özlərinin cahil və orta əsr təfəkkürünə dayanan iddialarını bu cür mərasimlərdə gerçəkləşdirməyə cəhd göstərirlər. Bu ayda müsəlmanlar, xüsusən onların şiə kəsimi İmam Hüseynin şəhadətini qeyd edir, yas tutur. Lakin onlar başlarını yarıb, qan tökməli və ya vəhşilik əlamətləri olan əməllərə əl atmalı deyillər. Bu ay ərzində insanlar kədərlərini çağımıza uyğun və eləcə də islam dini haqqında pis təsəvvürlər yaratmayacaq formada nümayiş etdirməlidirlər”.

A.Həsrət onu da əlavə edib ki, islamın vəhşi bir din olması ilə bağlı dünyada bir çox mərkəzlər təbliğat aparır. Bu zaman Aşurada baş yarılması, zəncir vurulması, azyaşlı uşaqlarının başının çərtilərək qanının çıxarılması anlarının görüntülərini götürərək müsəlmanların vəhşi olduğunu sübut etməyə çalışırlar:

“Ona görə də ölkəmizdə bu məsələ dövlət tərəfindən tənzimlənir. Təbii ki, dövlət birbaşa müdaxilə etmir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən keçiriləcək Aşura mərasiminin dinimiz haqqında qorxunc təəssürat yaratmaması tövsiyə edilir. Buna görə də neçə illərdir Aşura günündə həm xəstəxana, həm də məscidlərdə qanvermə aksiyaları keçirilir. Şeyx Hacı Allahşükür Paşazadə şəxsən bu mərasimlərdə iştirak edir, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbər şəxsləri də qan verərək bunun ən sivil yol olduğunu göstərirlər.

Bu mənada yaxşı olar ki, Aşura mərasiminə qatılan bacı-qardaşlarımız xarici qüvvələrin onları yönləndirmək, bu mərasimlərdən başqa məqsədlərlə istifadə etmək cəhdlərinə özləri cavab versinlər. Dövlət təhlükəsizliyi təmin edəcək, məsciddə dua oxumaq, namaz qılmaq istəyənlərə də bütün imkanlar yaradılacaq. Yeganə istəyim keçiriləcək ayinlərin Azərbaycanın dünyəvi dövlət imicinə zərər gətirməməsidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm