Aydın Quliyev: “Prezident İlham Əliyev parlamentdə dünyaya mühüm mesajlar verdi”
Bizi izləyin

Nida Xəbər

Aydın Quliyev: “Prezident İlham Əliyev parlamentdə dünyaya mühüm mesajlar verdi”

“Prezident İlham Əliyevin Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən iclasda çıxışı zamanı verdiyi mesajlar olduqca mühümdür”.

Bu barədə Publika.az-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, dövlət başçısının Milli Məclis üzavləri ilə tez-tez görüşməsi, onların qarşısında çıxış etməsi ölkənin müxtəlif hakimiyyət qurumları arasında münasibətlərin konstitusion tənzimləmə mexanizmlərinə uyğun olduğunu göstərmək baxımından əhəmiyyətlidir: “Belə görüş və müzakirələr xarici dövlət rəsmilərinin iştirakı ilə keçəndə effekti daha da çox olur. Cənab Prezidenti qeyd etdi ki, parlamentdə müxtəlif siyasi mövqelərə malik partiyaların nümayəndələri təmsil olunsa da, dövlətçilik məsələsində vahid mövqedən çıxış edirlər. Bu, olduqca əhəmiyyətlidir. Azərbaycan liderinin parlamentdəki çıxışı xarici rəsmilər üçün də bir neçə istiqamətdə analitik-informasiya mənbəyi olacağına şübhə yoxdur. İlk növbədə onu demək lazımdır ki, dünya ölkələrinin parlament nümayəndələri müstəqillik illərində Azərbaycanın siyasi tarixi və bugünkü vəziyyəti barədə yeni bilgilər əldə etdilər. Bu bilgilər onların Azərbaycanla sonrakı münasibətlərin oriyentasiyasını daha düzgün müəyyənləşdirməsinə çox təsir edəcək. Azərbaycanın regional və beynəlxalq sülh işinə praktik töhfələri cənab Prezidentin məruzəsində geniş təqdim olundu. Deyilənlərin həmin iclasdakı bir çox xarici nümayəndələr üçün tam yeni materiallar olduğuna şübhə yoxdur. Az-çox obyektivliyi olan istənilən xarici dövlət rəsmisi bu çıxışdan sonra tam əmin olacaq ki, dünyada heç bir dövlətin neft strategiyası Azərbaycanınkı qədər geniş nəticələr doğurmayıb və beynəlxalq təhlükəsizlik işinə bu qədər töhfələr verməyib. Azərbaycanın neft strategiyası bütün Avrasiya boyunca saysız ticarət, nəqliyyat, logistika layihələri və çoxtərəfli əməkdaşlıq formatlarının yaranmasına səbəb oldugu halda, bu sözləri başqa heç bir ölkənin neft strategiyası barədə demək olmaz. Azərbaycan Ermənistandan başqa, bütün yaxın ölkələri bu layihələrə cəlb edə bilib”.

A. Quliyev Prezidentin Dağlıq Qarabağ məsələsi ilə bağlı səsləndirdiyi fikirlərə də toxunub.

“Cənab Prezident bəzi beynəlxalq dairələrə mürəkkəb görünən, yaxud mürəkkəb olaraq təqdim edilən həll yolunun əslində çox sadə olduğunu izah etdi: erməni hərbi birləşmələri bizim torpaqlarımızdan çıxmalıdır. Prezidentin böyük qətiyyətlə dediyi “Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq” fikrini iclasda qonaq qismində iştirak edən xarici rəsmilər heç vaxt unutmayacaq və bunu belə qavrayacaqlar ki, Azərbaycan istənilən an ərazi bütövlüyünü hətta hərbi yolla bərpa etməyə tam hazırdır”, - deyə siyasi ekspert vurğulayıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm