“Bu, Ermənistanın əvvəlki mövqeyindən geri çəkilməsidir” - Millət vəkili
Bizi izləyin

Nida Xəbər

“Bu, Ermənistanın əvvəlki mövqeyindən geri çəkilməsidir” - Millət vəkili

Dünən Tacikistanın paytaxtı Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət oldu. Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər.

Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.

Demək olar ki, bununla da Ermənistan tərəfindən əvvəlki danışıqlar prosesinin formatının dəyişdirilməsi cəhdlərinə son qoyuldu. Halbuki, əvvəllər Paşinyan iddia edirdi ki, danışıqlar Azərbaycan və qondarma "DQR" arasında aparılmalıdır. Amma indi davakar ritorika aradan qalxdı. Liderlərin Düşənbə görüşündə danışıqlar prosesinə sadiqlik nümayiş etdirildi, görüş göstərdi ki, danışıqlar Azərbaycanla Ermənistan arasında aparılır və aparılacaqdır.

Bir daha təsdiq olundu ki, məhz Ermənistan münaqişə tərəfidir və danışıqlar da onunla davam etdiriləcək.

Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Düşənbə görüşünün nəticələrini şərh edən millət vəkili Aydın Mirzəzadə Publika.az-a açıqlamasında bildirib ki, bu, Ermənistanın əvvəlki mövqeyindən geri çəkilməsidir.

“Ermənistanın yeni hakimiyyəti danışıqlarda özünün yaratdığı saxta qurumun danışıqlarda iştirak etməsini təkid edirdi. Azərbaycan isə ərazi bütövlüyünü əsas gətirir və bu saxta qurumun danışıqlarda iştirak etməsinə heç vaxt razı ola bilməzdi. Azərbaycanın öz dövrdə hərbi, siyasi və diplomatik gücünü göstərməsi nəticəsində Ermənistan tələblərinin yerinə yeririlməz olduğu qənaətinə gəldi. Bu, bir daha göstərdi ki, danışıqlar ancaq torpağı işğal olunan Azərbaycanla torpağı işğal edən Ermənistan arasında ola bilər. Danışıqlar hər iki ölkənin rəhbər şəxsləri və xarici işlər nazirləri arasında aparıla bilər. Azərbaycan ərazi bütövlüyü məsələsində heç zaman güzəştə getməyəcək. Bu, bir daha göstərir ki, Dağlıq Qarabağ probleminin həlli çoxdan yetişib və Ermənistan işğal olunmuş torpaqlardan öz qoşunlarını çıxarmalıdır. Eyni zamanda Azərbaycanın ermənilərin kompakt yaşadığı əraziyə ən yüksək muxtariyyət verməsi və onların hüqüqlarının tam təmin edilməsi məsələsi də müzakirə edilə bilən məsələlərdəndir”, - millət vəkili qeyd edib.

Onun sözlərinə görə, Düşənbədəki görüş də göstərdi ki, danışıqlar ən optimal variantdır.

Millət vəkili vurğulayıb ki, Azərbaycanın öz gücünü müxtəlif sahələrdə göstərməsi, xüsusilə sentyabrın 15-də Bakının azad edilməsinin 100 illiyi ilə bağlı hərbi paradın keçirilməsi Ermənistanda şok effekti yaratdı:

“Hesab edirəm ki, Ermənistan Azərbaycanın mövqeyini qəbul etməklə, əslində özünün də maraqlarına xidmət edən bir addım ata bilər”.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm