"Ermənistanın Azərbaycana mane olmağa potensialı çatmaz" - POLİTOLOQ
Bizi izləyin

Nida Xəbər

"Ermənistanın Azərbaycana mane olmağa potensialı çatmaz" - POLİTOLOQ

“Paşinyanın son bəyanatı da əvvəl verdiyi bəyanatlardan heç nə ilə fərqlənmir. Ermənistanın nə nüfuzu, nə də potensialı ona yol vermir ki, o, Azərbaycanın hər hansı bir təşkilata üzv olmasına mane olsun”.

Bu sözləri Publika.az-a millət vəkili Elman Nəsirov, Paşinyanın verdiyi sonuncu bəyanata münasibət olaraq deyib. O bildirib ki, vaxtilə Azərbaycan Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatına (KTMT) üzv olub:

“Ermənistanın Azərbaycandan bu qədər qorxduğunu, bu qədər narahatlıq keçirdiyini açıq-aşkar bəyan etməsi bir yana, bu bəyanat başqa bir həqiqəti ortaya qoyur. Bu həqiqət ondan ibarətdir ki, Azərbaycanın vaxtilə üzv olduğu bu təşkilata geri qayıtma ehtimalı Paşinyanı vahiməyə salır. Çünki Nikol Paşinyanın baş naziri olduğu Ermənistanda vəziyyət kifayət qədər qəlizləşib. Hətta belə bir fikirlər var ki, Ermənistan inqilabı yeni bazaya daxil olur. Ermənistanda inqilab ilə əks-inqilab arasında artıq ciddi müharibənin başlanğıcının anonsu gedir. Belə olan halda təbii ki, Paşinyan bu cür sərsəm bəyanatlar verməyə davam edəcək, çünki onun əsəbləri yerində deyil. O bu məsələni heç nəzəri baxımdan da qəbul edə bilmir. O ki qaldı məsələnin hüquqi tərəfinə. Paşinyan çox da narahat olmasın. Ona görə ki, Azərbaycan 2011-ci ildən “Qoşulmamaq” hərəkatının üzvüdür. Bu təşkilata üzv olan ölkə isə öz üzrinə belə bir öhdəlik götürür ki, üzvlüyü müddətcə heç bir hərbi quruma, təşkilata daxil ola bilməz. Eyni zamanda da öz ərazisində heç bir xarici dövlətin hərbi bazasını, blokunu yerləşdirə bilməz. Onu da qeyd edim ki, 2019-cu ildən başalayaraq Azərbaycan 3 il müddətinə “Qoşulmama” hərəkatına sədrlik edəcək. Bu məsələdə əsas vurğulanmalı olan məqam məhz budur. Belə bir vəziyyətdə də bu cür hərəkata üzv olan və sədrlik edəcək dövlətin KTMT üzv olması uyğun gəlmir. Amma burada hər hansı başqa alternativlər, zərurətlər olacağı və bunun üçün hüquqi imkanlar yaranacağı təqdirdə, Azərbaycanın KTMT-yə üzvlük məsələsi aktuallaşa bilər. Bundan başqa onu da unutmaq olmaz ki, birbaşa üzvlük olmasa da, Azərbaycanın müşahidəçi statusunda iştirakı mümkündür. Üzvlük məsələsi isə vacib məsələyə çevrilərsə, təşkilata üzv dövlətlər tərəfindən Azərbaycan güclü şəkildə dəstəklənəcək. Hətta onu da xatırladım ki, bir çox hallarda Ermənistanın sabiq prezidenti Serj Sarkisyan deyirdi ki: “Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, təşkilat üzvü olan dövlətlər bu təşkilata üzv olmayan Azərbayacanı daha çox dəstəkləyirlər”. Bəli bu, S.Sarkisyanın etirafı olub. Bu nöqteyi nəzərdən Paşinyan bilsin ki, əgər KTMT ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı zəruri imkanlar yaratsa, digər tərəfdən də bu məsələ ilə bağlı hüquqi baza yaradılsa, Azərbaycan təşkilata üzvlük məsələsini düşünə bilər. Və əgər Azərbaycan Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatına (KTMT) üzv olmağı qarşıya məqsəd qoysa, qeyd edim ki, Paşinyanın regionun ən güclü və nüfuzlu dövlətinə mane olmağa imkan və potensialı çatmaz”.

Xatırladaq ki, 1992-ci ilin mayında Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan Daşkənddə Kollektiv Təhlükəsizlik Müqaviləsini (KTMT) imzalayıblar. Azərbaycan sazişi 24 sentyabr 1993-cü il, Gürcüstan 9 sentyabr 1993-cü il, Belarus 31 dekabr 1993-cü ildə imzalayıb. Müqavilə 20 aprel 1994-cü ildə qüvvəyə minib və 5 il uzadılması nəzərdə tutulub. 1999-cu il aprelin 2-də Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan prezidentləri müqavilənin növbəti beş il müddətinə uzadılması haqqında protokol imzalayıblar. Lakin Azərbaycan, Gürcüstan və Özbəkistan müqaviləni uzatmaqdan imtina ediblər. Buna baxmayaraq, 1993-cü ildə Azərbaycan KTMT-ni imzalamaqla Avrasiyada siyasi-hərbi inteqrasiyaya ən azından açıq olduğunu nümayiş etdirdi.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm