Ermənistanın hədəsi heç bir təsir qabiliyyətinə malik deyil - DEPUTAT
Bizi izləyin

Nida Xəbər

Ermənistanın hədəsi heç bir təsir qabiliyyətinə malik deyil - DEPUTAT

“Nikol Paşinyan bu cür açıqlamalar verməklə özünün hansısa gücə malik olduğunu göstərmək istəyir. Çünki hakimiyətdə olduğu altı ay ərzində o, cəmiyyətə heç nə verməyib”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə Nikol Paşinyanın “Ermənistan heç vaxt Azərbaycanın Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatı”na üzvlüyünə imkan verməyəcək” bəyanatına şərh verərkən deyib.

Millət vəkili bildirib ki, Ermənistan hakimiyyətin belə addımlarla Azərbaycana təsir edə bilməz:

“Paşinyan hakimiyyətə gələndən Dağlıq Qarabağ probleminin həllində də hər hansı dəyişiklik yoxdur. Bu baxımdan Ermənistanda vətəndaş qarşıdurması günü-gündən güclənir. Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması real görünən məsələlərdəndir. Sadəcə olaraq Ermənistan baş naziri bu cür təxribatlarla xal qazanmağa çalışır. Sanki bu gün Azərbaycanın ən böyük arzusu bu təşkilata qoşulmaqdır və Ermənistan buna yol verməyəcək. Halbuki, Azərbaycan bu hərbi bloka qoşulmaq barədə fikrini bildirməyib. Bu mənada Ermənistanın hədəsi bizim üçün heç bir təsir qabiliyyətinə malik deyil.

Bizim üçün əsas məsələ Azərbaycanın işğal altında olan torpaqlarının işğaldan azad edilməsidir, bunun üçün Azərbaycanın siyasi nüfuzu, iqtisadi qüdrəti var, hərbi gücünə görə dünyanın ən yaxşı 50 ölkəsi içərisindədir. Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün sülh yolu ilə yanaşı, müharibə variantını da hər zaman gündəmdə saxlayır”.

Millət vəkili bildirib ki, N.Paşinyanın bu cür açıqlamaları Ermənistan cəmiyyətinə hesablanıb:

"Ermənistan cəmiyyəti də bu cür bəyanatları ölkə rəhbərinin yeni oyunbazlığı kimi qəbul edir. Ermənistanın bu təşkilata qoşulmaq səbəbi digər ölkələri özünün Qarabağ provakasiyasına cəlb etmək üçün lazım idi. İki il əvvəl baş verən aprel hadisələri zamanı 6 ölkədən heç birinin onu dəstəkləmədiyinin şahidi olduq və Ermənistan tək qaldı”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm