“Zatulinə sadəcə bəhanə lazım imiş” - Qüdrət Həsənquliyev
Bizi izləyin

Nida Xəbər

“Zatulinə sadəcə bəhanə lazım imiş” - Qüdrət Həsənquliyev

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Rusiya Dövlət Dumasının MDB ölkələri, Avrasiya inteqrasiyası və soydaşları ilə əlaqələri üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin Azərbaycan əleyhinə səsləndirdiyi növbəti aqressiv açıqlamaya münasibət bildirib.

Publika.az xəbər verir ki, BAXCP sədri qeyd edib ki, bəziləri Zatulinə Azərbaycana qarşı hücum etmək imkanı yaradıb, o da digər ermənipərəstlər kimi bundan faydalanıb Azərbaycanı hədələyib:

“Çox böyük ehtimalla mənim parlamentdəki çıxışım məqsədyönlü təhrif olunmuşdu ki, Rusiyadakı müəyyən qüvvələrə ötürülsün. Əvvəla Zatulindən fərqli olaraq mən Azərbaycanın Rusiya ilə yaxınlaşmasını istəyirəm. Hətta Qarabağın azadlığı qarşılığında Azərbaycanın Rusiyanın liderliyi ilə yaradılan regional ittifaqlara qoşulmasının mümkünlüyünü də dəfələrlə vurğulamışam. Bir şərtlə ki, Rusiya Qarabağ probleminin həllində ədalətli mövqe tutsun və imkan versin ki, biz öz torpaqlarımızı işğaldan azad edək. Mənim müdaxiləmdən sonra təhrif aradan qaldırıldı. Zatulin bunu bilməmiş deyildi. Mən Zatulindən fərqli olaraq iqtidarı təmsil etmirəm, Azərbaycan hökuməti də heç vaxt Rusiya müxalifətinin təmsilçilərinin çıxışlarına rəsmi reaksiya verməyib. Bu da onu göstərir ki, ona sadəcə bəhanə lazım imiş. Zatulin əslində həm də Bakıda mənə qarşı təxribat edən əlaltılarına dəstək vermək üçün Azərbaycana hücum edib. Milli Məclisdə mən deməmişdim ki, Rusiya bizim torpaqları işğal edib, demişdim ki, işğalçının arxasında Rusiya dayanır. Bu isə sübuta ehtiyacı olmayan aksiomadır. Onu da vurğulamışdım ki, bəzi adamlar məqsədyönlü gərginlik yaradıb bizi müharibəyə sürükləyir, lakin bu zaman biz Ermənistan-Rusiya cütlüyü ilə üz-üzə qala bilərik. Qoy Zatulin desin ki, mən səhv edirəm və Rusiya Çeçenistanda öz ərazi bütövlüyünü bərpa etdiyi kimi, Azərbaycan da güc tətbiq etməklə ərazi büövlüyünü bərpa edə bilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm