Ermənistanın Kəlbəcərdə qəsəbə salması... - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

Ermənistanın Kəlbəcərdə qəsəbə salması... - ŞƏRH

"Bu, birinci dəfə deyil ki, Ermənistan Azərbaycanın işğal altında olan torpaqlarında demoqrafik vəziyyəti köklü şəkildə dəyişməyə cəhd edir".

Bu sözləri Publika.az-a politoloq Elşad Mirbəşiroğlu deyib. O bildirib ki, bu qanunsuz hərəkətlərin sayı-hesabı yoxdur:

"Hətta bir müddət bundan əvvəl ermənilərin Azərbaycanın işğal altında olan torpaqlarına Suriya ərazisindən insanlar köçürdüyünə dair informasiyalar da yayılmışdı. Təbii ki, bütün bunlar sübut edir ki, Ermənistan danışıqlar masası ətrafında səmimiyyətdən qəti şəkildə uzaqdır. Kəlbəcər rayonu ərazisində ermənilərin qəsəbə salması və bundan başqa, Araz çayı boyunca yeni yol infrastrukturunun yaradılması istiqamətində atılan addımlar ondan xəbər verir ki, Ermənistan özünün işğalçılıq siyasətində israrlıdır. Onlar bu vəziyyətin aradan qaldırılmasında maraqlı deyillər. Məsələ bundadır ki, bu dərəcədə qanunsuz və ciddi faktlar ortaya atıldığı halda bu münaqişənin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri seyirci mövqeyindədirlər. Bir məqama xüsusilə diqqət ayırmaq lazımdır ki, Amerikanın Ermənistanda olan səfirinin səlahiyyət müddəti artıq bitib. Yeni səfir isə hələ təyin edilməyib. Lakin maraqlısı odur ki, səlahiyyət müddəti rəsmi olaraq bitmiş ABŞ səfiri belə bəyanat verib ki, işğal edilən torpaqlar öz həqiqi sahiblərinə geri qaytarılmalıdır. Hesab edirəm ki, bu, özü də kifayət qədər konstruktiv bəyanatdır. Digər tərəfdən də Ermənistanın Azərbaycan ərazilərində qanunsuz əməllərinə davam etməsi, ATƏT-in Minsk qrupunun isə baş verənlərə reaksiya verməməsi bütövlükdə münaqişənin dinc yolla tənzimlənməsinə olan ümidləri əhəmiyyətli dərəcədə zəiflədir. Ona görə də, bu məsələ ilə bağlı çox ciddi şəkildə fəallıq nümayiş etdirmək zamanıdır. Azərbaycan heyəti ATƏT-in Minsk qrupu qarşısında ciddi iradlarla çıxış etməlidir. Mütləq şəkildə buna reaksiya verilməsini tələb etməlidir. Ermənistana zəruri təzyiqlər olmadıqca, bu kimi davranışların sayı artacaq. Ermənistan təbii ki, bunun cavabını almadıqca özünü cəzasız şəraitdə hiss edərək məsuliyyətsiz və sərsəm şəkildə aparmağa davam edəcəkdir".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm