Azərbaycan və Braziliya XİN rəhbərləri təbrikləşdi
Bizi izləyin

Nida Xəbər

Azərbaycan və Braziliya XİN rəhbərləri təbrikləşdi

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Braziliyanın xarici işlər naziri Aloysio Nunes Ferreira iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçiriblər.

Bu barədə Publika.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir Elmar Məmmədyarov məktubda həmkarı Aloysio Nunes Ferreiranı Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə təbrik edib.

Elmar Məmmədyarov qeyd edib ki, son illər iki ölkə arasında bir çox sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm təməl qoyulub. Nazir Azərbaycan və Braziliya arasında genişlənən ticarət və iqtisadi əlaqələrin tərəfdaşlığa müsbət təsir göstərdiyini və gələcəkdə bu əlaqələrin daha da möhkəmləndirilməsi üçün yeni imkanlar açdığını qeyd edib.

Məktubda nazir Elmar Məmmədyarov Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipindən çıxış edərək, Braziliyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə göstərdiyi dəyərli dəstəyə görə minnətdarlığını bildirib. Xarici işlər naziri Elmar Məmmədyarov 1993-cü ildə Braziliyanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü zamanı Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin qəbul olunmasında dəstəyini xüsusi vurğulayıb və bunun ölkələrimiz arasında dostluq və əməkdaşlıq ruhunun bariz nümunəsi olduğunu qeyd edib.

Braziliya Federativ Respublikasının xarici işlər naziri Aloysio Nunes Ferreira xarici işlər naziri Elmar Məmmədyarova ünvanladığı məktubda 1993-cü ildə diplomatik münasibətlərin qurulmasından etibarən, xüsusilə Bakıda və Braziliada səfirliklərin açılmasından sonra ikitərəfli və çoxtərəfli səviyyələrdə dialoqun gücləndirildiyini qeyd edib. Nazir 2017-ci ildə Bakıya ilk səfərini xatırladıb və səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini xüsusi vurğulayıb.

Nazir Aloysio Nunes Ferreira 2016-cı ildə Azərbaycan ilə imzalanmış Ticarət və investisiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu kimi təşəbbüslərlə yanaşı, birgə əməkdaşlığın Azərbaycanın Braziliyaya ixracı da daxil olmaqla, ikitərəfli ticarəti daha da artıracağına əminliyini ifadə edib.

Azərbaycan və Braziliya arasında diplomatik münasibətlər 21 oktyabr 1993-cü ildə qurulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm