“Bu, Azərbaycanın müasir, sivil dövlət olmasının nümayişidir” - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

“Bu, Azərbaycanın müasir, sivil dövlət olmasının nümayişidir” - ŞƏRH

“Hələ 2003-cü ildə cənab İlham Əliyev prezidentliyə namizəd olarkən öz seçki platformasında qeyd etmişdi ki, əgər xalq ona etimad göstərib prezident seçərsə, ilk növbədə Heydər Əliyev siyasətinə sadiq qalacaq. Eyni zamanda, regionların inkişafı məsələsi onun əsas diqqət mərkəzində saxlanılacaq və eyni zamanda “qara qızıl”ı insan kapitalına çevirmək əsas hədəfləri sırasında olacaqdı”.

Publika.az-a açıqlamasında bu sözləri millət vəkili Elman Nəsirov Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 22-də İmişliyə səfəri çərçivəsində ASAN Həyat kompleksinin açılışında iştirakını və dünyada ilk süni intellektli humanoid robotu olan “Sofiya” ilə söhbət etməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan dövələt başçısının son 15 illik prezidentlik fəaliyyəti göstərir ki, ölkə rəhbərinin sözü ilə əməli tamamilə üst-üstə düşür:

“Regionların inkişafı ilə əlaqədar üç dövlət proqramı qəbul edilib və yaxın zamanlarda dördüncü dövlət proqramının qəbulu gözlənilir. Regionlarımız bu gün sözün həqiqi mənasında çox köklü şəkildə dəyişib. Regionlarla Bakı arasında fərq demək olar ki, aradan qalxmaq səviyyəsindədi. Yuxarıda söylədiyim kimi, “qara qızıl”ın insan kapitalına çevirmək cənab prezidentin hədəfləri sırasında idi. Cənab İlham Əliyevin İmişli rayonuna səfəri və səfər çərçivəsində açılmış obyektlər, işə salınmış müəssisələr dediklərimizi bir daha təsdiqləyir”.

Səfər çərçivəsində ASAN Həyat kompleksinin açılışının olduğunu bildirən millət vəkili qeyd edib ki, burada “Sofiya” robotunun təqdim olunması Azərbaycanda informasiya texnologiyalarının tətbiqi məsələlərinə diqqəti cəlb edir:

“Azərbaycan bu sferada ciddi mənada nailiyyətlərə artıq imza atmaqdadır. Azərbaycan informasiya texnologiyalarının inkişafı nöqteyi-nəzərindən uzun müddətdir ki, MDB məkanında öncül mövqedədir. İmişli rayonunda “Sofiya” robotunun təqdim olunması da göstərir ki, Azərbaycan, xüsusilə xidmət sferasında informasiya texnologiyalarının ən müasir nümunələrindən bəhrələnmək və onlardan uğurla istifadə etmək taktikasını nümayiş etdirir. Bu, həm də Azərbaycanın müasir, sivil dövlət olmasının nümayişidir. Azərbaycan bu gün inkişafın elə bir səviyyəsindədir ki, dünyanın çox böyük dövlətləri və elm mərkəzlərinin nümayiş etdirdiyi müasir texnologiyaları öz imkanları hesabına sərgiləyir. Bu da məntiqlidir. Dövlətimizin başçısı müəyyən edib ki, biz inkişaf etmiş dövlətlərin sırasına daxil olmalıyıq. Artıq söyləmək olar ki, idmanda inkişaf etmiş dövlətlər sırasındayıq. Digər sahələrdə də, xüsusilə inklüziv inkişaf səviyyəsinə görə mövqelərimiz kifayət qədər güclənib. Bu nöqteyi-nəzərdən, robot texnologiyası artıq istehsalatda artıq tətbiq edilməsinə başlanılıbsa, bu, o deməkdir ki, Azərbaycanın inkişaf etmiş dövlətlər sırasında olmaqla bağlı istəyi, hədəfi nağıl deyil, gerçəklikdir, bu istiqamətdə iri addımlarla getməkdəyik”.

Millət vəkili “Sofiya” robotunun təqdim olunmasının Azərbaycan üçün əhəmiyyətinin böyük olduğunu vurğulayıb:

“Azərbaycanda robot texnologiyalarının tətbiqi məsələləri əslində təəccüb doğurmur, çünki Azərbaycan kosmik ölkədir. Azərbaycanın üçüncü peyki - “Azerspace-2” uğurla orbitə buraxılıb. Elmimizin səviyyəsi o hala gəlib çatıb ki, biz artıq az miqdarda dövlətin olduğu kosmik dövlətlər klubunun üzvüyük. Belə olan vəziyyətdə, bu hadisə sözsüz ki, Azərbaycanda kosmik sahə ilə bağlı elmin inkişafına, fundamental və tətbiqi elmlərin inkişafına rəvac verir. İnformasiya texnologiyalarının, robot texnologiyalarının istehsalatda tətbiqi təbii ki, Azərbaycanda bu sahə üzrə ixtisaslaşmış kadrların ortaya çıxmasına münbit şərait yaradır, təşviq edir, stimul verir. Hesab edirəm ki, gənclərin bu sahəyə axını güclənəcək. Bu da Azərbaycan elminin, bütövlükdə Azərbaycan iqtisadiyyatının inkişafına imkan yaradan bir amil kimi dəyərləndirilə bilər”.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm