Bakı Forumu dövlətlərarası münasibətlərə mütləq təsir göstərəcək - EKSPERT
Bizi izləyin

Nida Xəbər

Bakı Forumu dövlətlərarası münasibətlərə mütləq təsir göstərəcək - EKSPERT

VI Bakı Beynəlxalq Humanitar Forumu dünyanın yarısının iştirakı şəraitində humanitar proseslərin ən səmərəli müzakirə platforması kimi özünü tam doğrultmaqdadır.

Publika.az xəbər verir ki, bunu "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, dünyanın humanitar məsələlərinin müzakirəsi üçün məhz Bakının mərkəz kimi seçilməsi səbəbləri də öz təsdiqini tapır:

"Azərbaycan humanitar böhranlar riskini önləyici tədbirlərlə azaltmaq və qarşısını almaq prosesinə ən çox real töhfə verən ölkələr arasındadır. Azərbaycan daxili humanitar balansın təmin olunması sahəsində dünyaya nümunə çəkilən model yarada bilib. Ölkədaxili humanitar tarazlığa təsiri olan bütün sosial, siyasi, mədəni, ekoloji, dini, iqtisadi, multikultural, sağlamlıq və digər sahələrə dövlətin yüksək dəstəyi təmin olunub. Bütün dinlərin və millətlərin anlaşıqlı həmrəyliyinə söykənən multikultural mühit özünün əsas parametrlərinə görə bütün dünya ölkələrini qabaqlayır. 10-15 il əvvələ qədər dünya sivilizasiyaların və mədəniyyətlərin əsasən toqquşma perspektivlərindən danışdığı halda, Azərbaycan dünyaya aydın və cəsarətli mesaj verdi ki, bəşəriyyətin multikultural gələcəyinin alternativi yoxdur, hətta çoxmillətli və çoxkonfessiyalı cəmiyyətlərdə tolerant münasibətləri möhkəm bərqərar etmək olar. Azərbaycan son 15 ildə təhsil, səhiyyə, idman, mədəniyyət, innovativ ictimai xidmətlər və s. sahələri müasir insanın tələbatı səviyyəsində təkmilləşdirməyin mümkünlüyünü sübut etdi".

A.Quliyev bildirib ki, Bakının dünya üzrə humanitar böhranlar əleyhinə ən real müzakirələr məkanına çevrilmək haqqı var: "Beynəlxalq Humanitar Forumun hər dəfə daha da genişlənməsi və dünyada tanınması Azərbaycanın humanitar sahəyə təsir edən bütün istiqamətlərdə əldə etdiyi nəticələrlə birbaşa baglıdır. Müqayisə ücün deyək ki, dünyaya humanitar dəyərlər təlqin etmək iddiası ilə Ermənistanın hazırladığı Frankofoniya tədbirinin necə biabırçılıqla yekunlaşdığını dünya gördü. Çünki bir milyon insanın humanitar fəlakətinə bais olan və heç bir multikultural dəyər daşımayan Ermənistan uğur qazana bilməzdi".

Ekspert vurğulayıb ki, Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın humanist gələcəyi barədə danışan hər kəsin Azərbaycandan nümunələr gətirməsi səbəbsiz deyil: "Çünki Azərbaycanda aparılan bütün işlərin mərkəzində məhz insan faktorunun dayanması və insan naminə edilməsi rəsmi kurs kimi bəyan edilib və həyata keçirilir. Prezident İlham Əliyev multikultural dəyərlərlə İslam həmrəyliyinin vəhdətini humanitar uğurların əsas şərti kimi xarakterizə etdi. Bu formulun müxtəlif ölkələrdə yerli şəraitə uyğunlaşdırılaraq tətbiq ediləcəyinə yəqin ki, təşəbbüslər olacaq".

Baş redaktor əlavə edib ki, Bakı Forumu davamlı hərbi təcavüz şəraitində Azərbaycanın mükəmməl humanitar ab-hava yaratmasının mümkünlüyünü bütün dünyaya göstərmək baxımından böyük əhəmiyyət kəsb edir:

"Forum həmişə olduğu kimi, bu dəfə də çıxış yolları axtaran dünya siyasətçiləri və ekspertlər üçün ideyalar mənbəyinə çevrilə biləcək. BMT qətnamələrinin icra mexanizmlərinin hələ də işlənmədiyini dünya bu forumda Azərbaycan Prezidentinin dilindən bir daha eşitdi. Bu problemdən əziyyət çəkən tək ölkənin Azərbaycan olmadığını nəzərə alsaq, Prezident İlham Əliyevin məlum çağırışının bir çox ölkələr üçün qurtuluş proseslərinə başlanğıc ola biləcəyinə ümid etmək olar. Hər bir forum iştirakçısının öz ölkəsinə yeni ümidlər və ideyalarla qayıdacağına şübhə yoxdur. Bakı Forumu dövlətlərarası münasibətlərin bütün istiqamətlərində humanitar aspektin daha aparıcı mövqelərə keçməsinə mütləq təsir göstərəcək. Beynəlxalq əməkdaşlıqda humanitar aspektlərin biznes və korporativ maraqlardan az da olsa önə çıxması üçün Bakı Forumunun qlobal təsirləri tarixi əhəmiyyətli faktora çevrilə bilər".

Qeyd edək ki, oktyabrın 25-26-da Bakıda VI Beynəlxalq Humanitar Forum keçirilib. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm