“Azərbaycanın ədalətli mövqeyi ilə hamı barışır” - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

“Azərbaycanın ədalətli mövqeyi ilə hamı barışır” - ŞƏRH

Forum Azərbaycanda keçirilən çoxsaylı qlobal tədbirlərdən biri kimi diqqət çəkir. Son illərdə, xüsusən də Prezident İlham Əliyevin hakimiyyəti dönəmində Azərbaycan dünyanın qlobal mərkəzlərindən birinə çevrilib.

Publika.az-a açıqlamasında bu fikirləri siyasi şərhçi Azər Həsrət VI Bakı Beynəlxalq Humanitar Forumun nəticələrini şərh edərkən deyib.

“Bakıda müxtəlif istiqamətdə qlobal tədbirlər keçirilir. İdman yarışları, ayrı-ayrı kütləvi-mədəni tədbirlər, siyasi və iqtisadi müzakirələr və sair. Bu tədbirlərdən biri kimi Humanitar Forum artıq altıncı dəfədir ki, keçirilir. Yəni ənənə halını alıb. Dünyanın hər tərəfindən, ən aparıcı ölkələrindən yüksək səviyyəli nümayəndələr bu forumlarda iştirak edirlər. Eyni zamanda Azərbaycanla tanış olmaq, Azərbaycan ictimaiyyəti ilə müzakirələr aparmaq imkanları qazanırlar. Bu da nəticə etibarilə Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsi, qlobal səviyyədə mövqelərinin daha da güclənməsinə gətirib çıxarır”, - o deyib.

Siyasi şərhçinin sözlərinə görə, VI Bakı Beynəlxalq Humanitar Forum özü işini görüb və mövqelərimizin möhkəmlənməsinə töhfəsini verib.

Müsahibimiz qeyd edib ki, forum adından da bəlli olduğu kimi dünyanı narahat edən məsələlərin müzakirəsi üçün çox yaxşı platform idi:

“Burada həm çıxış edənlər, həm çıxışları dinləyənlər sadəcə olaraq Azərbaycanla bağlı deyil, eyni zamanda dünyanın bu günü və sabahı ilə bağlı müzakirələrdə iştirak edirdilər. Əlbəttə, bəşəriyyətin gələcəyi bizim üçün maraqlıdır, bəşəriyyətin qorunmasına öz töhfəmizi verməyə hazırıq, bu öz yerində, həm də özümüzün problemimiz olan işğal olunmuş torpaqlar və qaçqınlar məsələsi diqqətdən yayınmır. Ona görə də forum və buna bənzər tədbirlərdə Azərbaycan təmsilçiləri problemlərimizi dilə gətirir, onları dünyanın sayıb-seçilən, nüfuzlu siyasətçilərinin diqqətinə çatdırır və həllində dünyadan dəstək almağa çalışır. Bunun nəticəsidir ki, Dağlıq Qarabağ münaqişəsinin başlanmasından fərqli olaraq dünya bu məsələyə artıq tamam fərqli münasibət sərgiləyir. İyirmi beş il əvvəl Azərbaycanın ədalətli mövqeyini heç kim dinləmək və eşitmək istəmirdisə, bu gün artıq Azərbaycanın ədalətli mövqeyi ilə hamı barışır, heç kim mövqeyimizi şübhə altına almır. Yəni işğal faktı sadəcə özümüz deyil, beynəlxalq təmsilçilər tərəfindən də açıq şəkildə dilə gətirilir. Eyni zamanda Ermənistan ordusunun Azərbaycan torpaqlarından çıxmasının münaqişənin həlli yollu olduğu bildirilir. Bu cür forumlar Azərbaycana həm də bu yöndən çox faydalıdır”.

Siyasi şərhçi bu cür tədbirlərin lazım olmadığı barədə səslənən bəzi fikirlərə də cavab verib:

“Cəmiyyətimizdə bəzi insanlar “bu cür tədbirlər nəyə lazımdır” deyə etiraz edilər. Mən o cür adamlara cavab vermək istəyirdim ki, onlar bu tədbirlərin keçirilmədiyi dönəmlərdə dünyanın Azərbaycana münasibəti ilə indiki münasibəti göz önünə gətirsinlər. Müqayisəni aparsınlar və görəcəklər ki, Azərbaycan bu cür qlobal tədbirlərə ev sahibliyi etməklə özünün beynəlxalq mövqelərini çox ciddi şəkildə möhkəmləndirə bilib”.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm