Universitetdə Ulu Öndərin xatirəsi anıldı
Bizi izləyin

Nida Xəbər

Universitetdə Ulu Öndərin xatirəsi anıldı

Ölkəmizdə görkəmli şəxsiyyət, dahi lider Heydər Əliyevin anım günü böyük izdihamla qeyd olunur. Dekabrın 10-də Sumqayıt Dövlət Universitetində (SDU) “Xalqına həsr olunmuş ömür” mövzusunda elmi-nəzər konfrans Ulu Öndərin əziz xatirəsinə həsr olunub.

Publika.az xəbər verir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunan konfransın iştirakçıları əvvəlcə Ulu Öndərin universitetin foyesində ucaldılan büstü önünə gül dəstələri düzərək onun əziz xatirəsinə dərin ehtiramlarını bildirdilər.

Konfransı universitetin rektoru, professor Elxan Hüseynov açaraq dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan, fəaliyyətindən və Vətənimiz qarşısında tarixi xidmətlərindən bəhs edib. Bildirilib ki, müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın əvəzsiz lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasından 15 il keçir. “Lakin qədirbilən xalqımız bu dahi insanın nurlu xatirəsini bir an belə unutmur, onun ideyalarına böyük sədaqət nümayiş etdirir. Sumqayıt universitetində də Ulu Öndərin ruhuna hörmət və ehtiram əlaməti olaraq silsilə tədbirlər keçirilir. İnşa yazı müsabiqəsi, “dəyirmi masa”lar, elmi-nəzəri konfrans və həyata keçirilən digər anım tədbirləri kollektivimizin Ümummilli Liderə bəslədiyi sonsuz məhəbbətin təcəssümüdür. Vətənini və xalqını düşünən Heydər Əliyev Azərbaycanın ən çətin anlarında üzərinə düşmüş xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirib, bu yolda heyrətamiz fədakarlıqlar göstərib, xalqı bir çox müdhiş bəlalardan hifz edə bilib. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Hər birimiz fəxr etməli və qürur duymalıyıq ki, onun yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən böyük dövlət xadimi İlham Əliyev uğurla davam etdirirlər”, - deyə rektor vurğulayıb.

Konfransda “Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti”, “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, “Azərbaycan iqtisadiyyatının sürətli inkişafı ulu öndər Heydər Əliyevin uğurlu siyasətidir”, “Heydər Əliyev Azərbaycançılıq ideologiyasının banisidir” mövzularında məruzələr dinlənilib.

Natiqlər ümummilli lider Heydər Əliyevin cəmiyyətin həyatına nüfuz edən müdrik, praqmatik siyasətindən, ümumdünya diplomatiyası qarşısındakı misilsiz xidmətlərindən danışdılar. Bildirilib ki, bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan Heydər Əliyev müdrik dövlət xadimi kimi uzun illər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irs yaradıb. Müstəqil Azərbaycan dövləti bu zəngin irsdən faydalanaraq sürətlə inkişaf edir, dünya dövlətləri cərgəsində öz mövqelərini qətiyyətlə möhkəmləndirir.

Konfransın sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən “Dahi şəxsiyyət” adlı sənədli film nümayiş olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm