Ulu öndərin xatirəsi Serbiyada da yad edildi
Bizi izləyin

Nida Xəbər

Ulu öndərin xatirəsi Serbiyada da yad edildi

Dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Serbiyanın paytaxtı Belqrad şəhərində anım mərasimi keçirilib.

Publika.az xəbər verir ki, mərasimdə Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları ilə yanaşı, Serbiya ictimaiyyətinin və müsəlman icmasının nümayəndələri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, parlamentdə Serbiya-Azərbaycan Dostluq Qrupunun üzvləri, “AzVirt” şirkətinin rəhbərliyi, eləcə də burada çalışan azərbaycanlılar iştirak ediblər.

Əvvəlcə iştirakçılar “Taşmaydan” parkına gələrək, görkəmli dövlət xadimi Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Anım mərasimində iştirak edən Belqradın “Bayraklı Cami”sinin imamı Ümummilli Liderin ruhuna dualar oxuyub.

Sonra tədbir iştirakçıları həmin parkda ucaldılmış görkəmli serb yazıçısı Milorad Paviçin heykəlini və 1999-cu ildə Belqrad şəhərinin bombalanması zamanı parkda həlak olmuş uşaqların xatirəsinə ucaldılmış “Biz sadəcə uşaqlar idik” abidəsini ziyarət edib, hər iki abidənin önünə güllər düzüblər.

Tədbir Azərbaycanın Serbiyadakı səfirliyində davam etdirilib.

Mərasimdə çıxış edən səfir Eldar Həsənov ümummilli lider, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının və beynəlxalq əhəmiyyət kəsb edən neft strategiyasının qəbul olunmasında, ölkəmizdə sabitliyin bərqərar edilməsində, xalqımızın qədim tarixinin və zəngin mədəni irsinin beynəlxalq aləmdə tanıdılmasında, eləcə də Azərbaycan elminin inkişafında göstərdiyi əvəzsiz xidmətlərindən danışıb. Səfir ölkəmizdə milli birlik və azərbaycançılıq ideyasına söykənən davamlı inkişaf modelinin əsasının məhz Ulu Öndər tərəfindən qoyulduğunu diqqətə çatdırıb, bu siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Anım mərasimləri, həmçinin Azərbaycanın Monteneqrodakı və Bosniya və Herseqovinadakı diplomatik nümayəndəlikləri tərəfindən keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm