Azərbaycan Prezidentinin bu addımı dünyaya bir nümunədir - Ekspert
Bizi izləyin

Nida Xəbər

Azərbaycan Prezidentinin bu addımı dünyaya bir nümunədir - Ekspert

Azərbaycan Prezidenti İlham Əliyev şəxsi həyatının əlamətdar günü olan 24 dekabrı həssas sosial təbəqə sayılan məcburi köçkünlərin arasında və əhəmiyyətli sosial obyektlərin təqdimatında keçirmək ənənəsinə bu dəfə də sadiq qaldı.

Bunu "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, çoxlu sayda məcburi köçkün ailəsinin hər cür yaşayış şəraitinə malik yeni mənzillərlə təmin olunması dövlətimizin iqtisadi inkişaf gücünü nümayiş etdirməklə bərabər həm də onu göstərir ki, Prezident dövlətimizin Konstitusiyada əks olunmuş sosial dövlətçilik prinsipinin dönmədən həyata keçirilməsində möhkəm iradə sahibidir:

"Elə bunun nəticəsidir ki, məcburi köçkünlərin, əlillərin, veteranların və digər aztəminatlı sosial qrupların həyat və mənzil şəraitləri durmadan yaxşılaşdırılır və bu proses birmənalı şəkildə cənab Prezidentin rəhbərliyi və iradəsi altında aparılır. Azərbaycanda sosial siyasətin mühüm əlamətlərindən biri bu prosesə özəl sektorun çox fəal şəkildə cəlb olunmasından ibarətdir. Bu, cənab Prezidentin ölkədə özəl sektorun sosial məsuliyyətinin artırılması istiqamətində ardıcıl həyata keçirdiyi metodik izahat işinin və tövsiyələrin nəticəsidir".

A.Quliyev qeyd edib ki, məcburi köçkünlərin mənzil şəraitinin davamlı olaraq yaxşılaşdırılması ilk növbədə humanist məzmunlu ənənəvi addım kimi diqqəti cəlb edir:

"Belə ki, erməni təcavüzünün birbaşa qurbanları olan bu insanlar normal yaşayışlarını, ev-eşiklərini və rahatlıqlarını itirdikləri üçün dövlət qayğısına layiqdirlər və bunu zamanında layiqli şəkildə alırlar. Azərbaycanın dövlətçilik imkanları və şəxsən Prezidentin iradə sahibi olması onu deməyə əsas verir ki, proses sonadək davam edəcək, məcburi köçkünlərin hamısı bir nəfər kimi müasir mənzillərlə təmin ediləcək. Artıq 300 minə yaxın köçkünün mənzillə təmin olunması prosesinin cəmiyyətimizə və bütün dünyaya ən ümdə mesajlarından biri budur. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən məcburi köçkünlərə göstərilən diqqət və qayğı, demək olar, hər guşəsində qaçqın probleminin yaşandığı dünyaya bir nümunədir".

Ekspert vurğulayıb ki, Prezident Əliyev Azərbaycanda aztəminatlı insanları heç vaxt tək qoymayacaq: "Məcburi köçkünlər qarşısında cənab Prezidentin dünyaya verdiyi önəmli mesajlardan biri ərazi bütövlüyümüzün bərpası üçün suveren hüquqlarımızdan istifadənin heç vaxt güzəşt edilməyəcəyi ilə bağlıdır. Bu mənada Ermənistanın yeni rəhbərliyinə edilən növbəti xatırlatmaların xüsusi əhəmiyyəti var. Bir daha bəyan edildi ki, Ermənistanın iqtisadi fəlakətlərinin səbəbi Azərbaycana etdiyi təcavüzdür, regional təcriddən çıxmadan Ermənistanın iqtisadi inkişafı mümkünsüzdür, regional təcriddən çıxmağın yeganə yolu isə Azərbaycanın ərazi bütovlüyünə hörmət etməkdir".

A.Quliyev əlavə edib ki, Azərbaycan Prezidenti əslində Ermənistanın yeni rəhbərliyinə bu böyük həqiqətləri başa düşmək üçün növbəti dəfə şans verdi:

"Onları başa salmaq istədi ki, Azərbaycana qarşı təcavüz siyasətinə son verilməsə hansı yolla hakimiyyətə gəlməsindən asılı olmayaraq, Ermənistanın yeni rəhbərliyi Sarkisyan xuntasının iflas taleyini yaşamaqdan sığorta edilə bilməyəcək. Nəinki Azərbaycanda, hətta Ermənistanın özündə bu gün dərk edənlər kifayət qədərdir ki, Sarkisyan xuntasının biabırçı iflası məhz Azərbaycanın apardığı uğurlu təcrid siyasətinin nəticəsi olaraq ortaya çıxdı. Bu mənada cənab Prezidentin Ermənistan hakimiyyətinə ən yeni mesajlarını Azərbaycanın hazırkı siyasətdən dönməyəcəyinin qəti ifadəsi kimi qəbul etmək lazımdır. Eyni zamanda, Ermənistan hakimiyyətinin mövqelərini sarsıtmaq üçün bu mesajların çox təsirli ideoloji roluna lazımi dəyəri vermək lazımdır. Bir sözlə, dövlətin sosial layihələri böyük nəticələr verdikcə Azərbaycan dövlətinin daxili gücü daha da artır və müqayisə ilə Ermənistandan çox üstün perspektivli dövlətçiliyə malik olduğunu nümayiş etdirir". (Trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm