Azərbaycanın böyük uğuru və düşmənə sarsıdıcı zərbə - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

Azərbaycanın böyük uğuru və düşmənə sarsıdıcı zərbə - ŞƏRH

2018-ci il Azərbaycan üçün uğurlu il oldu. Bir çox yeni layihələrlə bağlı müqavilələr imzalandı, bəzi layihələr gerçəkləşdirildi.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Millət vəkili bildirib ki, bu il həm sosial, həm də iqtisadi sahədə ciddi uğurlara imza atıldı.

“Bakı-Qars dəmir yolu, TANAP və TAP layihələrinin birinci hissəsi istifadəyə verildi. 2019-2020-cu illərdə layihənin ikinci hissəsi istifadəyə verilməklə Azərbaycan qazı Avropaya sərbəst nəql edilə biləcək. Bu iki beynəlxalq layihə bizim üçün böyük əhəmiyyət kəsb edir. Bakı-Qars dəmir yoluna həm Avropa, həm də Asiyadan dövlətlər qoşulmaqdadır, maraq həddən artıq böyükdür. Bu layihənin gerçəkləşməsi ilə həm yük, həm də sərnişindaşımada ciddi artımlar olacaq, dövlət büdcəsinə əlavə gəlir gətirəcək. 2018-ci ildə Azərbaycanın üçüncü peykini orbitə buraxması bizim üçün əhəmiyyətli hadisədir. İnformasiya təbliğatı, informasiya qıtlığı yaranmaması üçün bu peyklər vasitəsilə məlumatlar vaxtında Azərbaycana çatdırılır. Azərbaycanın təhlükəsizliyi üçün bu son dərəcə vacib məsələdir. Bu il həm də iqtisadi uğurlarımız da çox oldu. Milli valyuta dəyərini qoruyub saxladı, bu məsələ ciddi problemlə üzləşmədik, idxal-ixrac əməliyyatlarında müsbət saldo əldə olundu. Pul kütləsinə müəyyən nəzarət mexanizmləri Mərkəzi Bank tərəfindən həyata keçirildi. Kənd təsərrüfatında böyük işlər görüldü, sosial müdafiə ilə bağlı əhəmiyyətli addımlar atıldı. Vergi sistemində çox ciddi islahatlara start verildi, bu istiqamətdə əhəmiyyətli qərarlar qəbul edildi. Bu qərarlar 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək. Ümumiyyətlə, uğurlarımız həddən artıq çoxdur. Yeganə olaraq uğur əldə edə bilmədiyimiz sahə Dağlıq Qarabağ münaqişəsidir. Bu sahədə də müəyyən addımlar oldu, iki istiqamətdə torpaqları azad etdik. Lakin problem tam həllini tapmayıb. Buna görə də, cənab Prezident ordunun gücləndirilməsinə diqqət edir, müasir silahlar alınmasını təmin edir”.

V.Əhmədov bildirib ki, bu il bir sıra sosial məsələlərin həlli ilə də yadda qaldı:

“Hər il şəhid ailələləri Milli Məclisə birdəfəlik müavinətlərin verilməsi ilə bağlı müraciət edirdi. Nəhayət, cari il cənab Prezident bu ailələrlə bağlı fərman imzaladı. Şəhid ailələrinin vərəsələrə birdəfəlik müavinətin verilməsi üçün vəsait ayrıldı. Prosesin icrasına başlanılıb, gələn il prosesin tam həll edilməsi gözlənilir. Əsas odur ki, qərar var, insanların əksəriyyəti bu pulu alıb. Bununla yanaşı məcburi köçkünlərin mənzil probleminin həlli prosesi davam edir. Bu il həm də Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsində kadr dəyişiklikləri oldu. Hörmətli millət vəkilimiz Rövşən Rzayev komitəyə rəhbərlik edir. O çox ciddi və təmiz kadrlardan biridir. İnanıram ki, bu komitənin fəaliyyətində ciddi irəliləyişlərə nail olacağıq. Bu il məcburi köçkünlər üçün bir neçə yaşayış məntəqəsi istifadəyə verildi və proses davam edir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm