Bu bəhanədən istifadə edərək Azərbaycana qarşı hücuma keçdilər - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

Bu bəhanədən istifadə edərək Azərbaycana qarşı hücuma keçdilər - ŞƏRH

Azərbaycan əleyhinə olan bu qüvvələrə sadəcə olaraq bəhanələr lazımdır. Bəhanələr olmayanda da, özləri uydururlar, xəyali hadisələrdən çıxış edərək Azərbaycana qarşı kampaniya aparırlar.

Publika.az-a açıqlamasında bu sözləri siyasi şərhçi Azər Həsrət anti-milli qruplar və onların xaricdəki havadarlarının Mehman Hüseynov hadisəsindən Azərbaycanın əleyhinə növbəti kampaniya başlamaq üçün fürsət kimi istifadə etməsini şərh edərkən deyib.

“İndi Mehman Hüseynovla bağlı ortada bir durum var. Ədliyyə Nazirliyi Pentensiar Xidməti açıqlama yaymışdı ki, 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı polis zabitinə qarşı kobudluq edib, hətta fiziki zor tətbiq etməsi barədə məlumat var. Təbii ki, buna uyğun olaraq təbbir görülməsi üçün addımlar atılır. Belə bir vəziyyətdə Mehman Hüseynov aclıq aksiyası elan edib. Bu günlərdə yayılan məlumata görə, o, həqiqətən cəmi bir gün aclıq aksiyası keçirib və ikinci gündən aksiyanı dayandırıb, səhhəti ilə bağlı heç bir problem yoxdur. Onun özü də aclıq aksiyasını dayandırması barədə akta qol çəkib. Vəziyyəti ilə bağlı heç bir şikayəti yoxdur, vəkili ilə də danışır, öz yaxınlarına zəng edir. Yəni, Pentensiar Xidmət ona bayırdakı yaxınları ilə əlaqə saxlamasına hər cür şərait yaradıb. Amma qeyd olunan mərkəzlər bütün bunları gözardı edərək rəsmi açıqlamaları gözləmədən Azərbaycana qarşı kampaniyaya başlayıblar, hətta iddia olunur ki, Mehman Hüseynov aclıq aksiyası keçirir, o ölüm ayağındadır, halbuki, adamın özü səhhətində heç bir problemin olmadığını bildirir”, - o bildirib.

Siyasi şərhçinin sözlərinə görə, Mehman Hüseynovla bağlı ortaya çıxan kiçicik bir durum bəlli mərkəzlərə lazım olan bəhanəni vermiş oldu:

“Sözügedən mərkəzlər bu bəhanədən istifadə edərək Azərbaycana hücuma keçdilər. Bu ondan qaynaqlanır ki, həmin mərkəzlər bir qayda olaraq Azərbaycan kimi dövlətlərə hücum etmək üçün bəhanə və fürsət axtarırlar, məqsəd bu hücumlarla özlərinin məkrli planlarını həyata keçirməkdir. Belə hücumların oyunçuları rolunda o adamlar çıxış edir ki, onlar Azərbaycana qarşı söyüş kampaniyalarında iştirak edirlər, Azərbaycan dövlətinə qarşı bütün kampaniyalara qatılırlar. Son məqsəd də ondan ibarətdir ki, bu kampaniyalarda fəallıq edib, əlavə qrantlar, maliyyə əldə eləsinlər. Yəni, çox çirkin bir oyunun içindəyik və ona görə də düşünürəm ki, Azərbaycan ictimai rəyi burada daha diqqətli davranmalıdır. Mehman Hüseynov ətrafında yaradılan süni ajiotaja aldanmamalıyıq. İnsanlarımız humanism duyğularından çıxış edərək bəzən Mehmanı müdafiə edirlər, biz onlara izah etməyə çalışırıq ki, burada müdafiə üçün heç bir zərurət yoxdur, hər şey qaydasındadır”.

Azər Həsrət bəzən sosial şəbəkələrdə tanınmış şəxslərin adından yaradılan saxta profillərdə Mehman Hüseynovu müdafiə edən fikirlərin yayılmasına da münasibət bildirib:

Bunu edəcək adamlar çirkin adamlar olmalıdır. Bu cür üsullara əl atan adamlar şərəfsiz adamlardır, əxlaqı yerində deyil. Eyni zamanda, bu adamlar həqiqətən də Azərbaycanda ictimai rəyi çaşdırmağa xidmət edirlər, çünki əgər doğrudan da hansısa ülvi hislərə, məqsədlərə xidmət edirlərsə, atacaqları addımları öz adlarından atsınlar, niyə tanınmış adamların adlarından səhifələr açırlar, onların adlarından açıqlamalar verirlər. Başa düşürlər ki, məşhurların adlarından nəsə desələr, ictimaiyyət buna daha çox inanacaq. Eyni zamanda, bu insanların belə üsullara əl atması onların mahiyyətini bir daha təsdiqləmiş olur. Biz uzun müddətdir ki, deyirik ki, bu adamlar çirkin oyunlarla məşğuldurlar, onların məqsədi Azərbaycanda insan hüquqları və demokratiya deyil, sadəcə, ortalığı qarışdırıb bulanıq suda balıq tutmaqdır. Tanınmış adamların adından açıqlamaların yayılması dediklərimizi bir daha sübut edir”.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm