Struktur islahatları idarəetməni optimallaşdıracaq və... - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

Struktur islahatları idarəetməni optimallaşdıracaq və... - ŞƏRH

Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə aparılan struktur islahatları əslində 2015-ci ildən bəri həyata keçirilən dərin hüquqi və institusional islahatların davamı kimi xarakterizə edilməlidir.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Millət vəkili bildirib ki, Azərbaycan dinamik və hərtərəfli inkişaf edən bir ölkədir və bu inkişaf daha çevik struktura malik optimal idarəetmə tələb edir:

“Məqsəd əldə edilən nailiyyətlərin davamlılığını təmin etməklə gələcək üçün daha səmərəli şərtlər formalaşdırmaqdır. Ona görə də bir-biri ilə paralel olan, yaxud səmərəliliyi arzuedilən səviyyədən aşağı olan struktur vahidlərinin ləğv edilməsi, birləşdirilməsi və ya daha çevik mexanizmlərlə əvəzlənməsi idarəetmənin aktual tələbi kimi meydana çıxıb. Prezident İlham Əliyevin müvafiq fərmanları ilə həyata keçirilən struktur islahatları da məhz bu sahənin tənzimlənməsini təmin edəcək. Aparılan islahatlar idarəetmənin optimallaşdırılması ilə yanaşı, onun səmərəliliyini də artıracaq və davamlı hal alacaq. Çünki hazırda malik olduğumuz siyasi-iqtisadi sistemin modernist səciyyəsi daima yenilik tələb etməklə bütün sahələr üzrə ölkəmizin rəqabətqabiliyyətliliyini artırır. Təsadüfi deyil ki, hazırda dünyanın bir çox reytinq təşkilatları müxtəlif sahələr üzrə Azərbaycanın inkişaf indeksini ən yüksək pillələrdə müəyyən edir”.

Deputatın fikrincə, əgər bunun gələcəkdə də belə olmasını istəyiriksə, bütün sektorlarda o cümlədən idarəetmədə islahatlar davam etdirilməlidir ki, hazırda da buna şahidlik edirik:

“Məsələnin ən vacib tərəflərindən bir də budur ki, indiyədək həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyatın, sənayenin ən müxtəlif sahələrində olduqca əlverişli biznes mühiti yaranıb. Ona görə də gələcəkdə həmin sahələri tənzimləmək üçün mövcud olan bir sıra qurumlarda da idarəetmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq addımlar atıla bilər. Beləliklə, idarəetmə aparatını süni şəkildə ağırlaşdıran struktur vahidləri və onlara ayrılan xərclər inkişafın digər aktual sektorlarına yönəldilməklə daha səmərəli nəticələr əldə etməyə imkan yaradar. Ümumiyyətlə, struktur islahatları desentralizasiya siyasətinin tərkib hissəsi olmaqla dövlətin yükünü azaltmağa, liberal iqtisadi münasibətlərin formalaşmasına və yerli özünüidarəetmə institutlarının səmərəliliyinin artmasına böyük töhfə verəcək”.

Xatırladaq ki, dünən Prezident İlham Əliyevin müvafiq fərmanları ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti yaradılıb, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilib.

Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə Tarif (qiymət) Şurasının Katibliyi isə ləğv edilərək onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil ediləcək.

Həmçinin Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm