Bu, olduqca riyakar bir “sənəd”dir - Məlahət İbrahimqızı
Bizi izləyin

Nida Xəbər

Bu, olduqca riyakar bir “sənəd”dir - Məlahət İbrahimqızı

Azərbaycan ilə Avropa İttifaqı arasında sazişin imzalanmasına dair danışıqlar prosesinin getdiyi bir ərəfədə Avropa Parlamenti Azərbaycana qarşı qərəzli münasibəti əks etdirən yeni “qətnamə” qəbul etdi. Avropa Parlamenti bir qrup ermənipərəst siyasətçinin təsiri ilə Azərbaycana təzyiq etmək, ölkəmizin dünyada artan nüfuzuna kölgə salmaq məqsədilə belə “sənədlər” qəbul edir. Bəs niyə Avropa Parlamentinin deputatları uzun illərdir Ermənistanda iki azərbaycanlının - Dilqəm Əsgərovun və Şahbaz Quliyevin girovluqdan azad edilməsi ilə bağlı heç bir cəhd göstərmirlər? Bu, tamamilə qəbuledilməzdir.

Bu sözləri Azərtac-a müsahibəsində Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, bu, olduqca riyakar bir “sənəd”dir. Ermənipərəst dairələrin belə bir “sənəd”in qəbul olunmasına töhfələri həqiqətən də riyakarlıqdan başqa bir şey deyil. Belə bir misal var: öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır. Avropa parlamentariləri yaxşı olar ki, Avropada ildən-ilə artan irqçiliyin, ayrı-seçkiliyin, insanların siniflərə bölünməsinin, islamofobiya, ksenofobiya kimi halların artmasının, bu problemlərin artıq, demək olar ki, dövlət siyasətinə keçməsinin qarşısını almaq məqsədilə sənədlər qəbul etsinlər. Yaxşı olar ki, bir müddət bundan əvvəl dünyada tanınan bir mətbuat orqanının jurnalistinin öldürülməsinə elə Avropa dövlətlərinin özlərinin rəhbərlərinin laqeyd münasibəti ilə bağlı bəyanatlar qəbul etsinlər.

“Azərbaycan dövləti xalqımızın maraqlarına xidmət edən siyasət həyata keçirir. Biz beynəlxalq təşkilatlara üzv olan digər dövlətlər kimi bərabərhüquqlu müstəqil dövlətik, dünyaya mühüm töhfələr veririk. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev müstəqil siyasət aparır. Dövlətimizin başçısı dünyada gedən riyakar, ikili standartlı, ikiüzlü siyasəti hər zaman ən yüksək kürsülərdə tənqid edir, onlara qarşı öz qəti mövqeyini göstərir. Azərbaycana qarşı qərəzli sənədin qəbul olunmasına çalışan bir sıra ermənipərəst parlamentarilər yaxşı olar ki, Ermənistanda baş verən insan haqları pozuntularına və digər antidemokratik hərəkətlərə qarşı mübarizə aparsınlar”, - deyə M.İbrahimqızı qeyd edib.

Milli Məclisin deputatı bildirib ki, belə qərəzli “qətnamələr”in erməni lobbisinin təsiri altında qəbul edilməsi hamıya məlumdur. Onların məqsədi işğalçı Ermənistanı himayə etmək, işğalçılığı ört-basdır etməkdir. Azərbaycanın ildən-ilə güclənməsini, regionun lider dövləti kimi inkişafını onların gözləri götürmür. Bu qərəzli qüvvələr Azərbaycanın dünyanın ən güclü dövlətləri sırasında olmasının qarşısını almaq üçün müxtəlif bəhanələrlə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılmasına çalışırlar. Bilirlər ki, Azərbaycan dövləti, xalqı erməni işğalına uzun müddət dözməyəcək. Bu səbrin bir həddi var. Dövlətimiz hələ ki, münaqişənin sülh yolu ilə həll olunmasına çalışır. Amma torpaqlarımızın işğaldan azad edilməsi sülh yolu ilə mümkün olmadığı halda, əlbəttə, nə ölkəmizin rəhbəri, nə də xalqımız heç vaxt bir qarış torpağımızı da güzəştə getməyəcək. Bu mənada, onlar Azərbaycanın gücünü də bilirlər. Həmin qüvvələr 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin may-iyun aylarında Naxçıvan döyüşlərində də Azərbaycan xalqının öz torpaqlarının azad olunması uğrunda əzmini, ordumuzun gücünü gördülər, Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer tutmasının şahidi oldular. Eyni zamanda, Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətini də gördülər. Beləliklə, məqsəd belə qərəzli “sənəd”lərlə diqqəti Qarabağ problemindən yayındırmaqdır. Bunu hər kəs bilir. Beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanımaq, o dövlətin ordusunun qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını tələb etmək əvəzinə, Azərbaycanda sanki lupa ilə bir problem axtarırlar. Azərbaycan Prezidenti xalqımızın ümummilli maraqlarını müdafiə edir, ölkəmizlə bağlı həqiqətləri ən yüksək kürsülərdən bəyan edir, fəaliyyətini ikili standartlarla quran beynəlxalq təşkilatları və ölkələri ifşa edir. Biz belə “sənəd”lərin qəbulunu qəti şəkildə qınayırıq. Avropa Parlamentinin ermənipərəst qüvvələrin əlində bir alətə çevrilməsi təəssüf doğurur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm