Millət vəkili: "Şəhidlər xiyabanından siyasi məqsədlər üçün istifadə etmək..."
Bizi izləyin

Nida Xəbər

Millət vəkili: "Şəhidlər xiyabanından siyasi məqsədlər üçün istifadə etmək..."

Şəhidlər xiyabanı kimi Azərbaycanın müasir tarixində xüsusi önəm daşıyan, müqəddəs bir məkandan siyasi məqsədlər üçün istifadəyə cəhd göstərilməsi həm qanunvericiliyə ziddir, həm də milli mənəvi dəyərlərimizə, milli mübarizə tariximizə hörmətsizlikdir.

Publika.az xəbər verir ki, bunu Trend-ə millət vəkili Bəxtiyar Əliyev deyib.

B.Əliyev qeyd edib ki, Prezident İlham Əliyev korrupsiya ilə mübarizəni gücləndirdikcə, struktur islahatlarının miqyasını genişləndirdikcə özlərini müxalif hesab edənlər daha da aqressivləşir və müqavimət göstərməyə çalışırlar: "Yanvarın 19-da keçirilmiş etiraz aksiyası, bir gün sonra, Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında qarışıqlıq yaratmaq cəhdi aparılan islahatlara qarşı formalaşdırılan müqavimətin ilk təzahürü hesab oluna bilər. O zaman insanları küçələrə çıxaran, təxribata sürükləyərək tankların, zirehli maşınların altına dəvət edənlərin bir qrupu yenə də meydandadır. Bu dəfə də vətəndaşları küçələrə, itaətsizliyə, dağıtmağa çağırırlar. Lakin unudulmamalıdır ki, bu dəfə söhbət müstəqil Azərbaycandan, dövlətimizdən gedir".

Deputat bildirib ki, bu gün Azərbaycanın müstəqilliyi, öz iradəsinin sahibi olması regionda, dünyada müəyyən rəqib qrupları, koalisiyaları qıcıqlandırır:

"Avropa Parlamentinin bir qrup anti-Azərbaycan meyilli deputatın təhrik və şantajı ilə qəbul etdiyi qətnamə müstəqil siyasət yürüdən bir dövlətə hörmətsizlikdir. Deməli, Avropanın bir sıra dairələri onun enerji təhlükəsizliyində xüsusi rol oynayan Azərbaycanı sanki qəsdən düşmənçiliyə təhrik edirlər. Buna qətiyyən yol vermək olmaz və həmin qüvvələrin məkrli oyunlarına qarşı milli birliyimizi nümayiş etdirməliyik. Avropa Parlamentinin tez bir zamanda, tələsik şəkildə Mehman Hüseynovu bəhanə edərək Azərbaycanı müzakirəyə çıxarıb qərar qəbul etməsi təbii ki, şübhələrə yol açır. Sanki bu qərar Bakıda kimlərəsə bir işarədir ki, "başlayın dağıtmağa, xaosa". Azərbaycanı heç bir qüvvə bir daha xaosa sürükləyə bilməz. Xalqa, dövlətə xəyanət etmək olmaz".

O əlavə edib ki, 25 ildən çoxdur dəyişməyən eyni simalar, eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər yanvarın 19-da keçirilmiş mitinqdə yenidən təkrarlandı. Aksiyada heç bir ziyalı, cəmiyyətdə tanınan şəxsin iştirakı nəzərə çarpmadı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm