Ekspert: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə maraq artıb"
Bizi izləyin

Nida Xəbər

Ekspert: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə maraq artıb"

Azərbaycan və Ermənistan liderlərinin Davosda Dünya İqtisadi Forumu çərçivəsində qeyri-rəsmi görüşü daha öncəki planlaşdırılmamış görüşlərin davamı olaraq qəbul edilməlidir.

Bu barədə Trend-ə "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında qeyri-rəsmi görüşü şərh edərkən deyib.

B.Quliyevin sözlərinə görə, görüşün keçirilməsi üçün ölkələrin müvafiq xarici siyasət qurumları arasında hər hansı bir təşəbbüs olmayıb və qeyri-rəsmi görüş yalnız Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin şəxsi təşəbbüsü ilə baş tutub ki, bunu da rəsmi olaraq qiymətləndirmək olmaz:

"Qeyri-rəsmi görüşlər problemin həllinə doğru atılmış addımdır. Belə qeyri-rəsmi görüşlər həm Düşənbədə, həm də Sankt-Peterburqda baş tutub ki, burada da ölkə liderləri gələcəkdə danışıqların rəsmiləşdirilməsi yönündə ortaq məxrəcə gəlinməsi üçün müəyyən detallar ətrafında fikir mübadilələri aparıblar. Bu vaxta qədər isə, daha dəqiq desək, Ermənistanın siyasi hakimiyyəti dəyişdikdən sonra rəsmi danışıqlar ancaq Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri səviyyəsində aparılıb. Ötən ilin sonlarında Milanda, bu ilin əvvəlində isə Parisdə baş tutmuş görüşləri buna misal çəkə bilərik. Ümumiyyətlə, xarici işlər nazirləri səviyyəsində görüşlərin yaxın gələcəkdə də keçiriləcəyi istisna deyil".

Ekspert qeyri-rəsmi görüşlərin üçüncü tərəflərin təşəbbüsü ilə baş tutmasının digər nüanslarına da toxunub: "Bu görüşlərin təşkili göstərir ki, beynəlxalq səviyyədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə maraq artıb. Artıq işğalçı tərəf də dərk edir ki, istər beynəlxalq konvensiyalar, istərsə də BMT-nin məlum qətnamələri baxımından ədalət onun, yəni işğalçının tərəfində deyil. Düşünürəm ki, bu kimi detallar bəhs etdiyimiz qeyri-rəsmi görüşlərdə müzakirə mövzusu olub. Gələcəkdə ölkə liderləri səviyyəsində hər hansı görüşün keçirilməsi üçün yəqin ki, ATƏT-in Minsk qrupu da səylərini göstərəcək, çünki rəsmi görüşlərin təşkili məhz bu qurum tərəfindən həyata keçirilir. Belə qeyri-rəsmi görüşlərin baş tutması gələcəkdə rəsmi görüşlərin keçirilməsi üçün münbit şərait yaradır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm