Millət vəkili: Gənclərimiz anti-Azərbaycan ünsürlərə inanmır, bugünkü sabitliyi istəyirlər
Bizi izləyin

Nida Xəbər

Millət vəkili: Gənclərimiz anti-Azərbaycan ünsürlərə inanmır, bugünkü sabitliyi istəyirlər

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə gənclər siyasəti həmişə prioritet istiqamətlərdən biri olub.

Bunu Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, Bu gün Azərbaycan gəncliyi idman nailiyyətləri ilə bayrağımızı ucalara qaldırır, elmi, biliyi, “start-up” layihələri ilə dünyaya səs salır:

"Əlbəttə, bütün bunlara nail olmaq üçün gənclərə şərait yaratmaq lazım idi və o şəraiti məhz möhtərəm Prezident İlham Əliyev yaradıb. Azərbaycan Prezidentinin Gənclər Fondunun yaradılması haqqında 19 dekabr 2011-ci il tarixli fərmanı isə gənclər qarşısında böyük imkanlar açdı. Bu fərman imkan verdi ki, gənclər Fonddan yararlanaraq bir çox layihələr həyata keçirsinlər və özlərinin liderlik qabiliyyətlərini üzə çıxarsınlar. Eyni zamanda xaricdə təhsillə bağlı dövlət proqramları çərçivəsində xaricdə təhsil almağa göndərilən gənclərimiz bu gün Azərbaycan dövlətinin mərkəzi icra strukturlarından tutmuş bütün sahələrdə təmsil olunurlar".

Deputat vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi də böyük bir ordudur, yüksək intellektual səviyyəli gənclərdir: “Bu gənclər də cənab Prezidentin yaratdığı innovativ, müasir yanaşma metodu ilə, Vətənə, dövlətə sadiqlik tərbiyəsi ilə yetişmiş gənclərdir”.

İ.Məmmədov qeyd edib ki, Azərbaycan müstəqilliyinin ilk illərində AXCP-Müsavat cütlüyü öz məkrli niyyətlərini həyata keçirmək üçün gənclərdən istifadə edir, onları təxribata çəkirdilər: “Ancaq ulu öndərimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ilk görüşdüyü təbəqə məhz gənclər oldu və 2 fevral Gənclər Günü məhz ulu öndərimiz tərəfindən təsis olundu. Sonra Gənclər və İdman Nazirliyinin yaradılması, gənclər siyasətinin həyata keçirilməsi, daha sonra bu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən daha modern şəkildə həyata keçirilməsi bir nümunədir”.

O əlavə edib ki, Azərbaycanda həyata keçirilən mötəbər beynəlxalq tədbirlərin təşkilində gənclərimiz yaxından iştirak edir: “Artıq beynəlxalq tədbirlərin həyata keçirilməsində gənclərimizin böyük təcrübəsi var, onlar dünyada öz sözlərini deməyə hazırdırlar. Heç də təsadüfi deyil ki, Belarusiyada keçiriləcək növbəti Avropa Oyunlarının təşkilində Azərbaycandan məsləhət alınır”.

Millət vəkili, həmçinin bu gün radikal müxalifətin gəncləri yalnış yola yönləndirmə cəhdinə də toxunub:

“Çox təəssüf ki, ötən əsrin 90-cı illərində gənclər vasitəsilə məkrli siyasətlərini həyata keçirmək istəyən bəzi qüvvələr bu gün də gənclərimizi təxribata çəkirlər. Tarixin zibil qutusuna atılmış bu ünsürlər ətrafına yığdıqları gəncləri sosial şəbəkələrdə "söyüş söymək ixtisası" üzrə yetişdirirlər, yəni müxtəlif adlarla, gecə-gündüz zombiləşdirərək yaxşı hər şeyi söyməyə, təhqir etməyə sövq edirlər. Onlar qarışıqlıq yaradaraq öz məkrli niyyətlərini həyata keçirmək istəyirlər. Ancaq gənclərimiz bu ünsürlərə inanmır, çünki Azərbaycan gəncləri bugünkü sabitliyi, əmin-amanlığı istəyirlər ki, təhsil alsınlar, inkişaf etsinlər. Azərbaycan gəncliyi ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün möhtərəm prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi siyasətlə irəli gedir”. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm