Vüqar Rəhimzadə: Yeni şərtlər medianın fəaliyyətinə öz müsbət təsirini göstərəcək
Bizi izləyin

Nida Xəbər

Vüqar Rəhimzadə: Yeni şərtlər medianın fəaliyyətinə öz müsbət təsirini göstərəcək

“Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qəzetlərin maliyyələşməsi üçün açıqladığı yeni şərtlər ədalətli, düzgün və zamanında verilmiş qərardır”.

Publika.az xəbər verir ki, bu sözləri Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

V.Rəhimzadə bildirib ki, burada söhbət qəzetlərin bağlanması və ya onların çapına hansısa məhdudiyyətlərin qoyulmasından getmir.

“Yeni şərtlər qəzetlərin inkişafına, tərtibat baxımından yenilənməsinə təsir edəcək, medianın çoxşaxəli fəaliyyətinə öz müsbət təsirini göstərəcək”.

Vüqar Rəhimzadənin sözlərinə görə, yeni şərtlər çərçivəsində çap mediasının yüksək səviyyədə yenidən formalaşması nəzərdə tutulub, paralel olaraq elektron medianın dəstəklənməsi gündəmə gəlib: “Həm KİVDF-nin Müşahidə Şurasında, həm də Mətbuat Şurasının İdarə Heyətində aparılan müzakirələr zamanı bu məsələlər nəzərdən keçirilib. Onlayn mediaya maliyyə ayrılması məsələsi gündəmdədir. Bu mənada ictimai fikrə təsir göstərən elektron media qurumlarına maliyyə ayrıla bilər. Çox güman ki, bu qərar reallaşacaq. Sözsüz ki, KİVDF-nin bu qərarını alqışlamaq lazımdır. Ümumilikdə bu istiqamətdə atılan addımlar medianın inkişafına stimul verəcək. Qəzetlər artıq abunə kampaniyalarına başlayıblar. Hesab edirəm ki, bu, müsbət haldır. Bütün bunlar şübhəsiz, qəzetlərin tirajının yüksəlməsinə, oxunaqlılığının artmasına xidmət göstərən amillərdir. Hansısa qəzetin tirajı azdırsa, o da gələcəkdə, necə deyərlər, yaşamaq üçün fəaliyyətini, rəqabət qabiliyyətini gücləndirəcək”.

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, Azərbaycanda reklam bazarının inkişaf etdirilməsi media üçün böyük önəm kəsb edir: “Mətbuatın maddi durumunun daha da yaxşılaşdırılması üçün bir sıra elan və reklamların KİV-də cəmləşməsinə nail olmaq önəmlidir. Bununla bağlı müzakirələr gedir, sistematik proqram hazırlanması istiqamətində iş aparılır. Hesab edirəm ki, reklam bazarının inkişaf etdirilməsi KİV-in inkişafına öz müsbət təsirini göstərə bilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm