Prezident Qarabağ probleminin həllinin magistral istiqamətlərini göstərdi - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

Prezident Qarabağ probleminin həllinin magistral istiqamətlərini göstərdi - ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Real televiziya kanalına müsahibəsində Azərbaycan dövlətinin daxili və xarici siyasəti, ölkəmizin inkişaf istiqamətləri, həyata keçirilən mühüm tədbirlərin məqsədi və əhəmiyəti və bir sıra digər aktual məsələlər barədə danışdı. Ölkə başçısı həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycanın mövqeyini bir daha dilə gətirdi.

“Bu gün Azərbaycan həm danışıqlar masasında, həm də döyüş meydanında üstün mövqedədir. Biz son illər ərzində münaqişənin həlli üçün güclü hüquqi baza yaratdıq. Dünyanın bir çox mötəbər aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı həqiqəti əks etdirən, bizim mövqeyimizi dəstəkləyən qətnamələr, qərarlar qəbul etmişlər - BMT-nin Baş Assambleyası, ondan əvvəl Təhlükəsizlik Şurası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədində ərazi bütövlüyümüz, suverenliyimiz, sərhədlərimizin toxunulmazlığı haqqında dəstək ifadə olunub. Yəni, bu, münaqişə üçün hüquqi baza yaradır. Hüquqi baza ondan ibarətdir ki, Dağlıq Qarabağ, - bunu biz hamımız yaxşı bilirik, - Azərbaycanın ayrılmaz hissəsidir. Münaqişənin həlli yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkündür”, - Azərbaycan Prezidenti deyib.

Dövlət başçısı vurğulayıb ki, eyni zamanda, Azərbaycan güclü iqtisadi potensial yaradaraq güclü ordu da yaradıb:

“Bu gün Azərbaycan Ordusu dünyada güclü ordular sırasındadır. Bizim döyüş qabiliyyətimiz, imkanlarımız artır. Biz ordumuzu ən müasir texnika ilə təchiz edirik. Aprel döyüşləri bizim gücümüzü göstərdi. Ən əlverişsiz hərbi mövqelərdən əks-hücum əməliyyatı apararaq biz strateji yüksəklikləri əldə etdik. Torpaqlarımızı işğalçılardan azad etdik. Bu gün Ağdərə, Füzuli, Cəbrayıl rayonlarında Azərbaycan bayrağı dalğalanır. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir. Mən Lələtəpədə olanda, orada Azərbaycan bayrağını görəndə qürur hissi keçirirəm. Hər bir Azərbaycan vətəndaşı qürur hissi keçirir. Bizim əsgər və zabitlərimiz əsl qəhrəmanlıq göstərmişlər. Aprel döyüşləri tarixi hadisədir. Bu döyüşlər Ermənistanın uzun illər ərzində yaratdığı mifi tamamilə darmadağın etdi. Yəni, ermənilər elə bir rəy formalaşdırmağa çalışırdılar ki, guya onların ordusu güclüdür və yenilməzdir. Azərbaycan əsgəri, zabiti göstərdi ki, kimin ordusu güclüdür, kimin ordusu yenilməzdir. O mif tamamilə dağıdıldı. Aprel döyüşləri milli ruhumuzu yüksəltdi, zirvələrə qaldırdı. Ona görə bu hadisə bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq”.

Azərbaycan Prezudenti aprel döyüşlərindən iki il sonra uğurlu Naxçıvan əməliyyatı keçirildiyini söyləyib:

“O, taktiki baxımdan fərqli əməliyyat idi, ancaq nəticə etibarilə çox uğurlu idi və bizə imkan verdi ki, strateji yüksəklikləri, dağları tam nəzarətə götürək və bu dağlardan düşmənin strateji kommunikasiyalarına nəzarət edək. Yəni, bütün bunlar ordumuzun qüdrətini, peşəkarlığını əks etdirən önəmli hadisələrdir. Bütün bunlar onu göstərir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.

Azərbaycan Prezidentinin bu fikirlərini Publika.az-a şərh edən politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli söyləyib ki, ölkə başçısı bu müsahibəsində Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı platformasını bir daha təsdiq etmiş oldu.

Politoloq qeyd edib ki, dövlət başçısı Azərbaycanın Ermənistanın işğalçı siyasəti nəticəsində yaranmış status-kvo ilə barışmayacağını, öz ərazi bütövlüyünü təmin etmək üçün bütün vasitələrdən istifadə edəcəyini bir daha vurğuladı:

“Prezidentin bundan əvvəlki çıxışlarında da bu xətt, bu mövqe aydın və qəti şəkildə ifadə olunur. Bir sıra ölkələr Ermənistanın işğalçı siyasətini göz yumsalar da, bu o demək deyil ki, dünya Ermənistanın həyasız çağırışlarını qəbul edir. ABŞ Dağlıq Qarabağ probleminin həllinə dair diqqəti cəlb edə biləcək təkliflərlə çıxış edib və prosesi canlandırmaq istəyir. Təəssüflər olsun ki, həm Ermənistan hakimiyyətinin millətçi kursu, həm də ona himayədarlıq edən müəyyən dövlətlər münaqişənin həllinə ciddi sürətdə mane olurlar”.

Politoloq qeyd edib ki, Ermənistan hakimiyyətinin indiyə qədər ortaya qoyduğu qeyri-konstruktiv mövqe münaqişənin həllinə əngəl törədir.

Bu məsələdə Azərbaycanın siyasi qətiyyətini ortaya qoymaq, münaqişənin həlli prosesinə Azərbaycanın baxış bucağını müəyyən etmək üçün Azərbaycan Prezidentinin bir daha danışması lazım idi. Azərbaycan Prezidenti problemlə bağlı bütün suallara cavab verməkdə ölkəmizin siyasi mövqeyini ortaya qoydu. Bu mövqe Azərbaycan dövlətinin BMT tərəfindən tanınmış coğrafi sərhədləri çərçivəsində Dağlıq Qarabağ probleminin həllinin magistral istiqamətlərini göstərdi. Və doğru qeyd etdi ki, bütün bu söylədikləri BMT kimi nüfuzlu beynəlxalq təşkilatın 4 qətnaməsinə, eləcə də beynəlxalq hüququn tələblərinə cavab verən yanaşmadı, həm də Azərbaycan xalqının istəyi və arzusudur. Dirijor çubuğu ilə hərəkətə gətirilən Ermənistanın qeyri-effektiv siyasəti xəttinə mükəmməl cavab verildi və bu, belə də olmalı idi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm