Vüqar Rəhimzadə: Əli Kərimli kimi dəyərsiz insanların sözü də dəyərsiz olur
Bizi izləyin

Nida Xəbər

Vüqar Rəhimzadə: Əli Kərimli kimi dəyərsiz insanların sözü də dəyərsiz olur

“Fərqli və uğurlu inkişaf modeli, müasir və daha çevik idarəetmə mexanizmi, vətəndaşlara ən yüksək səviyyədə diqqət və qayğı... Və daha nələr-nələr. Sadaladığımız bu və digər faktlar bugünkü Azərbaycanın reallıqlarıdır. Ölkəmizlə bağlı daxildə və xaricdə baş verən hadisələr həqiqətən də təqdirəlayiqdir və xalq tərəfindən böyük rəğbətlə qarşılanır".

Bu fikirləri Publika.az-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

“Ulu öndər Heydər Əliyev siyasətinin, möhtərəm Prezidentimizin 15 illik siyasi fəaliyyətinin müstəqil Azərbaycanın inkişafında müstəsna yeri və rolu var. Sadəcə bir neçə statistik rəqəmə diqqət yetirmək kifayətdir. Son 15 ildə Azərbaycan iqtisadiyyatı 3,3, maaşlar 7, pensiyalar 9, valyuta ehtiyatları 24 dəfə artıb, işsizlik və yoxsulluğun həddi 5 faizə enib. Bununla yanaşı, 102 məcburi köçkün düşərgəsi salınıb, 300 min məcburi köçkün müasir yaşayışla təmin edilib, şəhid ailələrinə 7 minə yaxın mənzil, müharibə əlillərinə 6 mindən çox maşın verilib. Sözsüz ki, yüzlərlə, minlərlə bu kimi faktlar sadalamaq olar. Sadəcə illərdir özünü xalqa müxalifət kimi təqdim edən, əslində isə xarici antiazərbaycan dairələrə işləyən Əli Kərimli və onun kimi qrant hərisləri bu gerçəklikləri görməyərək nadürüst əməllərindən əl çəkmirlər. Ona görə də Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən mükəmmməl islahatların və əldə olunan uğurların daxili antimilli ünsürləri narahat etməsi “başadüşüləndir””, - baş redaktor qeyd edib.

Vüqar Rəhimzadə bildirib ki, dünya dəyişir, inkişaf edir:

"Bu mənada, Azərbaycan da öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Təbii ki, müasir dövrün çağırışlarına uyğun islahatlar həyata keçirmək daha aktualdır. Ölkə rəhbərliyi bunu görür və gələcək planlar, strategiyalar bu aktuallığa uyğun olaraq qurulur, müəyyən edilir. Əli Kərimli kimilərin ölkəmizlə bağlı “planları” isə hər zaman xaricdə qurulur və ona tezis formasında ötürülür. Təbii ki, bu “planlar” Azərbaycan üçün yaxşı heç nə vəd etmir. Ə.Kərimli günbəgün yeniləşən və inkişaf edən Azərbaycanın uğurlarını həzm edə bilmir və vaxtilə öz liderinə xəyanət edərək qazandığı “təcrübəni” Azərbaycanda tətbiq etməyə can atır. Bu gün dünya ölkəmizin “ASAN xidmət” inqilabından yararlanır, Ə.Kərimli isə vətəndaş qarşıdurması yaratmağa, Suriyanın “inqilab təcrübəsini” tətbiq etməyə çalışır. Bu günlərdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov öz “Facebook” səhifəsində yerləşdirdiyi “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” sərlövhəli məqaləsində bu məsələlərə toxunub və müxalifəti faktlar qarşısında qoyaraq Ə.Kərimlinin iç üzünü bir daha xalqa nümayiş etdirib. Hesab edirəm ki, cənab Əli Həsənovun fikirləri Ə.Kərmlinin bu illər ərzindəki fəaliyyətinə verilən ən tutarlı qiymətdir”.

“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, Ə.Kərimli və onun kimilərin əsassız iddiaları xalqın gözündə heç bir dəyəri olmayan bu ünsürlərin son çırpınışlarıdır:

“Bu gün biz möhtərəm Prezidentimizin simasında əsl liderlik nümunəsi görürük. Ölkəmizin başçısı şəhid ailələrinə kompensasiya ödənilməsi ilə bağlı Sərəncam imzalayır, minimum əməkhaqları təqribən 40 faiz artırılır, tələbələrin təqaüdləri yüksəlir, qaçqınlara və məcburi köçkünlərə müasir mənzillər və evlər verilir, yeni iş yerləri yaradılır, bir sözlə, xalqın sosial rifahını daha da yaxşılaşdırmaq üçün lazım olan bütün addımlar atılır. Ancaq Əli Kərimli və onun kimilər yenə narazıdır. İnsan öz xalqına, Vətəninə bu qədərmi düşmən kəsilə bilər?! Görünür, Əli Kərimlidə xalq, Vətənlə bağlı heç bir mənəvi dəyər qalmayıb. Bu cür dəyərsiz insanların sözü də dəyərsiz olur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm