Azərbaycan 4-cü nəsil qırıcılar alır: Ermənistanı yox edəcək gediş və 4 ölkə ilə... - MÜSAHİBƏ
Bizi izləyin

Nida Xəbər

Azərbaycan 4-cü nəsil qırıcılar alır: Ermənistanı yox edəcək gediş və 4 ölkə ilə... - MÜSAHİBƏ

Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistan-Rusiya mühasibətlərdə ciddi böhran müşahidə olunurdu. Lakin ötən gün Ermənistanın müdafiə naziri David Tonoyanın “IDEX-2019” müdafiə sərgisinin gedişatında verdiyi açıqlamalar Qərbin adamı sayılan Paşinyanla Moskvanın münasibətlərinin qaydaya düşdüyü qənaəti yaradır.

Publika.az-a müsahibəsində politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli Moskva-İrəvan münasibətlərində dəyişiklikləri və Rusiyanın Ermənistana silah satışını şərh edib.

- Ötən gün Ermənistanın müdafiə naziri David Tonoyan ölkəsinin 2019-cu ilin sonu, 2020-ci ilin başlanğıcında 4 ədəd "Su-30SM” Rusiya qırıcısı almağı planlaşdırdığını bildirdi. Erməni nazirin sözlərinə görə, İrəvan bu təyyarələrdən 12 ədəd almaq istəyir. Son vaxtlar gərgin görünən Moskva-İrəvan münasibətləri fonunda Ermənistana qırıcıların satılmasını hansı anlam daşıyır?

- Məncə, müşahidə olunan gərginlik dövlətlərarası münasibətlərə aid deyil, Paşinyanın şəxsiyyətinə münasibətdə Moskvanın tərəddüdləri var. Moskva Paşinyanın yetkin və təcrübəli siyasətçi olmadığını düşünür və bu, həqiqətən də belədir. Üstəlik, Paşinyanın qərbyönümlü adam olması haqqında da iddialar var. Fikrimcə, Paşinyan papağını qabağına qoyub qəti şəkildə fikirləşdikdən sonra belə qərara gəlib ki, Ermənistanın bu günü də, gələcəyi də Rusiya ilə bağlıdır, Rusiyanın çaldığı havaya oynamaqdan başqa yol yoxdur. Hesab edirəm ki, etimad dairəsi xeyli genişlənib. Rusiya əmin olub ki, Paşinyanın Moskvadan başqa sığınmağa yeri yoxdur. Əks halda, o, ciddi sınaqlara məruz qala və Azərbaycanla mübarizədə qəti məğlubiyyətə uğraya bilər. Bu baxımdan, Moskvanın Paşinyanla, həm də Ermənistanla bağlı siyasətində ciddi dəyişikliklər nəzərə çarpır. “Su-30SM”-lərdən ibarət eskadrilyanın, yəni 12 ədəd qırıcı-bombardmançı təyyarələrin Ermənistana satılması haqqında artıq razılıq əldə edilib. İlkin variant kimi 100 milyon dollarlıq kredit ayrılıb və təyyarələr Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatı daxilindəki, yəni yarıbayarı qiymətlərlə Ermənistana təhvil veriləcək. Hətta bəzi iddialara görə, artıq təhvil verilib. Sonrakı illərdə də yeni kreditlər hesabına Ermənistana bu tipli təyyarələrin verilməsi razılaşdırılıb. Ermənistana verilən hərbi kreditlər şərti xarakter daşıyır. Daha əvvəl 200 milyon dollarlıq kredit ayrılmışdı və İrəvan bu kreditlərin heç birini ödəməyib. Rusiyanın Ermənistana silah ötürməsində müxtəlif variantlar var. Boris Yeltsinin dövründə 1 milyard dollarlıq pulsuz silah verilmişdi. Gürcüstandan çıxarılan Rusiya qoşunlarının bütün döyüş sursatı və texnikası, artilleriya qurğuları əvəzsiz olaraq Ermənistana verildi. Bu silahların məbləği 750 milyon dollar idi. Ondan sonrakı illərdə də əvəzi ödənilməyən kreditlər hesabına Ermənistana müxtəlif silahlar verildi. Rusiya indiki halda daha irəli gedərək, Ermənistana 12 ədəd qırıcı-bombardmançını göndərmək niyyətindədir.

- Belə qənaətə gəlmək olarmı ki, keçmişdə olduğu kimi, Rusiya silahları Ermənistana yenə də pulsuz verir, sadəcə, bu, Yeltsinin dövründə açıq şəkildə edilirdisə, proses indi “kredit müqavilələri” adı altında maskalanır?

- Tamamilə doğrudur. Yəni, Ermənistana Rusiya silahlarının çatdırılmasında mürəkkəb bir oyun gedir. Rusiyanın hərəkətləri sözün həqiqi mənasında tərəf tutmaqdır. Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olan ATƏT-in Minsk qrupu üzvlərindən birinin belə hərəkət etməsi bölgədəki münasibətlərə çox böyük zərər vuracaq. “Tazıya tut, dovşana qaç” prinsipi üzrə hər iki tərəfə silah satır. Azərbaycana dünya qiymətləri ilə silahlar satılır və Azərbaycanda hərbi üstünlük yaranandan dərhal sonra Ermənistana da əvəzsiz olaraq müxtəlif silahlar göndərilir. Azərbaycan artilleriya və hərbi aviasiya sistemləri sahəsində Ermənistandan qat-qat üstünlüyə malikdir. Ruslar açıq şəkildə ifadə edirlər ki, bu sahədə qeyri-mütənasiblik yaranıb və hərbi tarazlıq yaratmaq üçün Ermənistana da bu cür hərbi yardımı göstərəcəklər. Ermənistana edilən yardımların səviyyəsi təyyarələrin qiymətlərində də özünü göstərir. Məsələn, “Su-30SM”-lərin bazar qiymətləri 60 milyon dollardır. Ona sursat və ehtiyat hissələri də əlavə onunsa, bu məbləğ 80 milyon dollardan çox olur. 100 milyon dollar kredit adı altında 4 ədəd qırıcının Ermənistana göndərilməsinin qərarlaşdırılması onların demək olar ki, pulsuz verildiyi qənaəti yaradır. Bu təhlükəli tendensiyadır və Rusiyanın münaqişənin həllinə maneəçilik cəhdi kimi qiymətləndirilə bilər. Azərbaycan ordusu bütün parametrlərinə görə Ermənistanı qabaqlayır. Rusiyanın hərəkətləri isə bu üstünlüyə maneə olmaq cəhdidir. Rusiya bu siyasətindən əl çəkmədiyi müddətdə regiondakı bu cür vəziyyət davam edəcək.

- Ermənistanın hərbi aviasiyanı gücləndirmək cəhdlərinə şübhəsiz ki, Azərbaycanın cavab addımları olacaq. Hansı variantlar mümkündür, hansı bazarlara istiqamətlənmək olar?

- Fikrimcə, Azərbaycan yeni bazarlar axtarışındadır və danışıqlar aparılır. Məsələn, Pakistan və Çinin birgə istehsal etdiyi, mühərriklərin gücü ilə Rusiyanın “Su-30SM”-lərindən geri qalmayan və bir çox parametrlərinə görə, Rusiya qırıcılarını üstələyən "JF-17 Thunder" təyyarələrinin alınmasına nail olmaq üzrəyik. Paralel olaraq, Türkiyədən “F-16” qırıcılarının alınması məsələsi gündəmdədir. Bu təyyarələr ABŞ və Türkiyənin bərabər istehsalı olduğu üçün təkcə Türkiyənin deyil, həm də ABŞ-ın icazəsi lazımdır. Amma hər halda, istehsal Türkiyədə getdiyinə görə ABŞ-ı yola gətirmək mümkündür. Bu istiqamətdə də danışıqlar aparılır və yaxın zamanlarda dördüncü nəsil həm qırıcı, həm də bombardmançı təyyarələrin alınması istiqamətində işlərin başa çatdırılacağına şübhə etmirəm. Bu, onsuz da Ermənistandan üstün olduğumuz hava qüvvələri sahəsində üstünlüyümüzü daha da artıracaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm