• USD 1,7000 0,00% EUR 1,9187 +0,51%
    • GBP 2,1242 +0,29% RUB 0,0239 -0,84%

Bakıda Küveytin milli bayramı qeyd olundu - FOTO

Bakıda Küveytin milli bayramı qeyd olundu - FOTO

Fevralın 21-də Küveytin Azərbaycandakı səfirliyi ölkənin milli bayramı – Dövlət müstəqilliyinin 58-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

Publika.az xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi çıxış edərək tədbirin, eyni zamanda, Küveyt Dövlətinin azad edilməsinin 28-ci ildönümünə həsr olunduğunu bildirib. Səfir ölkəsinin inkişaf yolundan danışıb, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulayıb.

Diplomat dost ölkələr olan Küveyt ilə Azərbaycan arasında gündən-günə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək deyib ki, qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər ikitərəfli münasibətlərin daha sürətlə inkişafına əlverişli zəmin yaradır. O bildirib ki, ölkələrimiz arasında imzalanmış sazişlər ticarət, investisiya, turizm və mədəniyyət sahələrində səmərəli əməkdaşlığın genişlənməsinə töhfə verir.

Səfir vurğulayıb ki, ötən il Küveytdən Azərbaycana 29 min turist gəlib. Bu, 2017-ci illə müqayisədə 2 dəfə çoxdur. Hazırda ölkələrimiz arasında həftədə 4 reys həyata keçirilir və bu ilin aprelindən Küveyt Hava Yolları Şirkətinin də birbaşa aviareyslərinin açılması gözlənilir.

Mədəniyyət naziri Əbülfəs Qarayev əlamətdar gün münasibətilə Küveyt xalqını Azərbaycan Prezidenti və hökuməti adından təbrik edib. Nazir qeyd edib ki, son zamanlar Azərbaycan ilə Küveyt arasında müxtəlif sahələri əhatə edən əlaqələr uğurla inkişaf edir. Ölkələrimiz arasında siyasi, iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Əbülfəs Qarayev dost ölkənin Azərbaycan ilə ikitərəfli formatda və beynəlxalq səviyyədə əməkdaşlıq etdiyini söyləyib.

Nazir deyib ki, Küveytin Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini daim dəstəkləməsi Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilir. İki ölkə arasında iqtisadi, turizm, mədəniyyət, ticarət və digər sahələrdə əməkdaşlıq getdikcə genişlənir. 2016-cı ildə ölkələrimiz arasında hava əlaqəsi haqqında hökumətlərarası sazişin imzalanması münasibətlərimizin getdikcə daha da möhkəmlənməsi və dərinləşdirilməsi istiqamətində atılmış mühüm addımdır. Bizim islam dövrünə, mədəniyyətinə aid tarixi-mədəni irsimizin qorunması istiqamətində birgə əməkdaşlığımız davam edir.

Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, səfirlər, media təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR