Hadı Rəcəbli Real TV-dəki bu sözlərini təkzib etdi - VİDEO
Bizi izləyin

Nida Xəbər

Hadı Rəcəbli Real TV-dəki bu sözlərini təkzib etdi - VİDEO

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli sərvəti barədə yayılan siyahıya kəskin etiraz edib.

Axar.az xəbər verir ki, millət vəkili açıqlamasında barəsində yazılanları tamamilə cəfəngiyyat adlandırıb. O, sərvəti haqqında yayılan siyahını "kimlərin təşkil etdiyini" yaxşı bildiyini də qeyd edib:

"Bunlar tamamilə yalandır. Keyfiyyətsiz bir adamın yazdığı materialdır. Bu haqda mətbuatda daim təkziblər gedib. Həmin siyahını kimin yayımladığını da yaxşı bilirik. O adam öz taleyi ilə oynayır. Hansısa məqamda gərək cavab verə. Mən artıq 50 ildir siyasətdəyəm. Hamı da çox yaxşı tanıyır. Əgər elə bir şey olsaydı, məni məsuliyyətə cəlb edərdilər".

Real TV-də yayılan müsahibəsinə də toxunan millət vəkili Qaynarinfo.az-a bildirib ki, sözləri təhrif olunub:

"Real TV-yə verdiyim müsahibənin həmin hissəsi tamamilə təhrif olunub. Belə olmamalıdır. Fikirlər təhrif olunmasa yaxşıdır. Dövr elə dövrdür ki, insanlar qıcıqlanır. Bir az diqqətli, ehtiyatlı olmaq lazımdır. Hadı Rəcəblinin adı ilə ağızlarına gələni yazıblar. Buna Lənkəran camaatı gülür. Mənə deyilən söyüşlərin hamısı geri qayıdır. Mənim tövsiyəm odur ki, mətbuat bir az obyektiv olsun. Xalq kütlə psixologiyasına uymasın".

Qeyd edək ki, Hadı Rəcəblinin Real TV-yə açıqlamasında heç bir söz təhrif olunmayıb. O deyib: “Mən adamların içində tez-tez oluram, pensiyaçılarla, aztəminatlı ailələrlə görüşürük, adamlarla söhbət edirik. Bu həcmi görəndə, bu rəqəmi görəndə... İnşallah martın 1-dən bunu hiss edəcəklər. Bu rəqəm olduqca böyükdür. Məgər, 50 manat azdırmı? Biz bütövlükdə müzakirə edəndə onunla mən də razıyam ki, tələbatla təminat düz mütənasibdir. İnsan təmin oluna-oluna onun tələbatı da artır. Bunu heç vaxt biz qınamamalıyıq. Deyə bilərlər ki, Hadi müəllim, insan 180 manatla dolana bilərmi? Əlbəttə ki, çətin olar. Ancaq ailədə 2 nəfər işləyəndə və ya adam iki yerdə çalışanda, dolanmaq olar. Doğrudur, burada çətinliklər var və biz də onu qəbul edirik. Amma bu o demək deyil ki, sən əvvəlkini yaddan çıxarmalısan: 130 manat idi, indi 180 manat oldu”.

Onun bu fikirləri sosial şəbəkələrdə geniş müzakirə edilib və ona aid olduğu iddia edilən sərvətin siyahısı sosial şəbəkələrdə və bəzi media qurumlarında yayılıb...

H.Rəcəblinin sözügedən fikirlərini aşağıda təqdim olunan müsahibənin 7:50-ci dəqiqəsindən sonra dinləyə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm