Deputat: İlham Əliyevin planlı sosial siyasəti vətəndaşların rifahının təmin olunmasına yönəlib
Bizi izləyin

Nida Xəbər

Deputat: İlham Əliyevin planlı sosial siyasəti vətəndaşların rifahının təmin olunmasına yönəlib

Azərbaycan Prezidenti İlham Əliyevin planlı sosial siyasəti vətəndaşların rifahının təmin olunmasına yönəlib.

Bunu Trend-ə açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

H.Babaoğlu qeyd edib ki, 2019-cu il Azərbaycanda sosial sahədə inqilabi islahatlar ili kimi tarixə düşə bilər: "Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə qeyd etdi ki, ölkədə aparılan ciddi iqtisadi islahatlar, şəffaflıqla bağlı görülən işlər büdcə gəlirlərinin artmasına, maliyyə imkanlarının əhəmiyyətli dərəcədə yüksəlməsinə şərait yaradıb. Prezident İlham Əliyev daima sosial problemlərin həllini diqqət mərkəzində saxladığına görə yaranmış imkanların ilk növbədə məhz sosial sahəyə yönəldilməsini təmin etdi. Beləliklə, minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, həmçinin qısa müddətdə digər ödənişlərin verilməsi kimi mühüm addımlar atıldı və dövlət başçısı bütün bunları həyata keçiriləcək böyük sosial paketin yalnız bir hissəsi kimi qiymətləndirdi".

Millət vəkili vurğulayıb ki, doğrudan da qısa müddətdə belə mühüm qərarların qəbul edilməsi 2019-cu ili sosial sahədə inqilabi islahatlar ili kimi qiymətləndirməyimizə əsas verir: "Hazırda 12 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödəniş edilir. Şəhid ailələrinə verilən müavinətlər 242 manatdan 300 manata çatdırıldı, eyni zamanda, bu il şəhid ailələrinə 800 mənzilin verilməsi nəzərdə tutulur. Bu günə qədər isə 6500-dən çox şəhid ailəsi dövlət tərəfindən mənzillər verilib. Bu il minimum əməkhaqqı 38 faiz artaraq 130 manatdan 180 manata qaldırıldı, minimum pensiyaların məbləği 38 faiz qaldırılaraq 116 manatdan 160 manata çatdırıldı. Beləliklə də bu gün minimum pensiyanın səviyyəsinə görə Azərbaycan MDB məkanında ikinci yerdədir. Ancaq bu da hələ son hədd deyil. Prezident İlham Əliyev bu istiqamətdə işlərin bundan sonra da davam etdiriləcəyini bildirdi".

Deputatın sözlərinə görə, ən mühüm məsələlərdən bir də problemli kreditlərlə bağlı olan məsələ idi ki, bu, olduqca mürəkkəb və çoxmərhələli həll yolu tələb edən bir problem idi:

"Prezident İlham Əliyev artıq bununla bağlı da mühüm qərarların qəbul ediləcəyini bildirərək qeyd etdi ki, Azərbaycan problemli kreditlər məsələsini həll etməklə ciddi nümunə göstərəcək, yaxın gələcəkdə problemli kreditlərlə bağlı məsələ də öz həllini tapacaq. Artıq xeyli müddətdir bu istiqamətdə işlər aparılır və məqsəd odur ki, MDB-nin bəzi ölkələrində analoji problemin həllinə yönəlmiş qərarların icrası ilə bağlı problemlər Azərbaycanda təkrar olunmasın. Biz bilirik ki, bəzi ölkələrdə müvafiq qərarlar qəbul edilsə də, problem həll edilmədi, çünki onun icra mexanizmi və maliyyə mənbələri düzgün müəyyən edilməmişdi. Azərbaycanda isə buna yol verilməyəcək və bu problem də öz həllini tapacaq. Bütün bunlar Azərbaycan Prezidentinin planlı sosial siyasətinin tərkib hissəsidir və vətəndaşların sosial rifahının təmin olunmasına yönəlib".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm