Xocalı soyqırımı hadisəsi Bişkekdə geniş qeyd edildi - FOTO
Bizi izləyin

Nida Xəbər

Xocalı soyqırımı hadisəsi Bişkekdə geniş qeyd edildi - FOTO

Bu gün fevral ayının 25 də Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun təşkilatçılığı ilə Bişkek şəhəri mərkəzləşdirilmiş kitabxanalar şəbəkəsində Xocalı soyqırımı hadisəsi geniş qeyd olundu.

Publika.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımını özündə əks etdirən fondun sifarişi ilə tərcümə olunub nəşr edilmiş kitablar sərgisinə baxıb, onlara Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə bağlı imzaladığı Sərəncamın surəti, “Xocalıya ədalət!” Beynəlxalq Kampaniyası İctimai Birliyi tərəfindən hazırlanan məlumatlar toplusu, Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə tərcümə edilib nəşr etdirilmiş, Qafar Əliyevin müəllifi olduğu “Müasir Azərbaycanın banisi, xilaskarı və qurucusu” rus, qırğız və qazax dillərində, Ramiz Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri” rus və qırğız dillərində, AMEA müəlliflər qrupunun ərsəyə gətirdiyi “Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər tarixi faktlarla” rus və ingilis dillərində kitabları təqdim edildi.

Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə qırğız dilinə tərcümə olunub dublyaj edilmiş “Xoca” bədii filmi nümayiş olunub və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun Prezidenti Nüsrət Məmmədov Xocalı soyqırımı barədə ətraflı məlumat verib, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni işğalçı qüvvələrinin blokada şəraitində olan köməksiz bir şəhərə - Xocalıya ağır texnika, tank və iriçaplı silahlarla hücuma keçdiklərini bildirib. O, Xocalı soyqırımının XX əsrin sonlarında yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilən ağır cinayət kimi tarixə düşdüyünü qeyd edib.

Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmağın, faciə qurbanlarının xatirəsini yad etməyin, erməni vandalizminin mahiyyətini, onların iç üzünü açmağın vacib olduğunu vurğulayan fond rəhbəri bu vəhşiliklərin cavabsız qalmayacağını, Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə Azərbaycanın bütün mövcud imkanlardan istifadə edərək öz torpaqlarını işğaldan azad edəcəyini və işğalçıların layiqli cavablarını alacaqlarını, tarixin məhkəməsinin qaçılmaz olduğunu bildirib.

Nüsrət Məmmədov Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında Prezident İlham Əliyevin Sərəncamının önəmindən danışaraq qeyd edib ki, 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımına dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Xocalıya ədalət!” adlı beynəlxalq informasiya kampaniyası keçirilir. Kampaniya çərçivəsində 700 minə yaxın insan tərəfindən müsbət rəy toplanıb və ən əsası onun 150 minə yaxını yalnız bir internet səhifəsində qeydə alınıb. Heydər Əliyev Fondu Avropanın, Asiyanın, Afrikanın, Şimali və Cənubi Amerikanın 100-ə yaxın ölkəsində Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirir. Nüsrət Məmmədov “Xocalıya ədalət!” adlı beynəlxalq informasiya kampaniyasından kənar qalmadıqlarını, “Xoca” bədii filminin qırğız dilinə tərcümə olunub, dublyaj edilməsini fondun kampaniyaya töhfəsi kimi dəyərləndirdi.

Çıxış edən, filmin qırğız dilinə tərcüməçisi, Mukan Asanaliyev gözyaşlarını saxlaya bilmədi. O bildirdi ki filmin tərcüməsini gözyaşları içərisində edib.

Bişkekdəki Qırğızıstan azərbaycanlılarının əlaqələndirmə mərkəzinin prezidenti Rəsulov Cəbi, Qırğızıstan aprel inqilabı qəhrəmanı Məmmədhəsənov Yusif, Azərbaycan diasporlar assosiasiyasının təmsilçisi Əsəd Əsədov, Qırğızıstandakı Türk diasporunun lideri Mürəfəddin Sakimov, fondun vise Prezidenti Osman Səfərov, Kitabxanalar şəbəkəsinin baş direktoru Gülsayra Dandıbayeva Xocalı soyqırımı və erməni təcavüzü barədə danışıb, ermənilərin işğalçılıq siyasətinin ancaq Azərbaycan üçün deyil, bütün region üçün təhlükə olduğunu qeyd ediblər.

Qeyd edək ki Bişkek şəhəri Mərkəzləşdirilmiş kitabxanalar şəbəkəsinə daxil olan 28 kitabxanada eyni vaxtda fondun sifarişi ilə qırğız dilinə tərcümə edilib, dublyaj edilmiş “Xoca” filmi nümayiş etdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm