Polad Bülbüloğlu: Təqsirkarlar cəzalandırılmayınca, biz hamımız xocalılı olmalıyıq
Bizi izləyin

Nida Xəbər

Polad Bülbüloğlu: Təqsirkarlar cəzalandırılmayınca, biz hamımız xocalılı olmalıyıq

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bu ölkənin “News.ru” internet portalına müsahibə verib.

Səfir deyib ki, Liditse çexlər, Oradur-sür-Qlan fransızlar, Xatın beloruslar üçün nədirsə, Xocalı da azərbaycanlıların gözündə onlar qədər dəhşətli faciədir. O, bu günədək dünyanın 16 ölkəsinin parlamenti və ABŞ-ın 19 ştatı tərəfindən bu hadisələrin pislənildiyini deyib. Səfir “Xocalıya ədalət!” kampaniyasının təşəbbüsçüsü - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən Xocalı faciəsinin bütün dünyada tanıdılması istiqamətində böyük iş aparıldığını diqqətə çatdırıb.

“Müxtəlif ölkələrin gəncləri baş verənləri pisləmək və gələcəkdə bənzər hadisələrə yol verməmək məqsədi ilə bu hərəkata qoşulurlar. Bu faciəyə diqqəti çəkmək məqsədilə hər il Moskvada, həmçinin dünyanın hər yerində tədbirlər keçirilir”, - deyə P.Bülbüloğlu bildirib.

Səfir, həmçinin gələcəkdə digər ölkələr tərəfindən də o dövrün hadisələrinə daha obyektiv qiymət veriləcəyini istisna etməyib. “Təqsirkarlar cəzalandırılmayınca, biz hamımız xocalılı olmalıyıq”, - deyə diplomat bəyan edib.

Xocalıda ölənlərin və zərər çəkənlərin ailələrinə dövlət tərəfindən göstərilən dəstək mövzusuna toxunan P.Bülbüloğlu bildirib ki, Azərbaycanda “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” qəbul edilib, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yaradılıb. Komitə əhalinin bu imkansız təbəqəsi üçün mənzillərin tikintisi, onların yerləşdirilməsi və həmin insanlara sosial yardım göstərilməsi ilə məşğul olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm