İstanbulda Xocalı yürüşü
Bizi izləyin

Nida Xəbər

İstanbulda Xocalı yürüşü

İstanbul şəhərində Xocalı faciəsinin 27-ci il dönümü ilə əlaqədar yürüş keçirilib.

“Report” xəbər verir ki, Azərbaycanın bu şəhərdəki Baş Konsulluğu və İstanbulun Bağcılar Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutan izdihamlı yürüşün iştirakçıları şəhərin Bağcılar rayonunun mərkəzi meydanından başlayaraq rayon ərazisində yerləşən Azərbaycan Dostluq parkına doğru hərəkət ediblər.

“Xocalıya Ədalət” şüarları ilə keçirilən yürüşdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, tanınmış şairə Sona Vəliyeva, Milli Məclisin deputatı Qənirə Paşayeva, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, İstanbulun Bağcılar rayonunun icra başçısı Mustafa Eldivan, Türkiyə Böyük Millət Məclisinin millət vəkilləri, Baş konsulluğun, ictimai birliklərin əməkdaşları, KİV nümayəndələri iştirak ediblər.

İki kilometr məsafə qət edən yürüş iştirakçıları parkda yerləşən Xocalı abidəsinin önünə qərənfillər qoyublar. Anım tədbiri daha sonra rəsmi hissə ilə davam edib.

Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib, faciə qurbanlarının xatirəsi sükutla yad edilib.

Tədbirdə çıxış edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Xocalı faciəsini yaxın keçmişin ən böyük insanlıq dramı adlandırıb. O qeyd edib ki, Xocalı soyqırımı sadəcə Azərbaycana qarşı deyil, bütün türk dünyasına qarşı işlənən cinayətdir. Bu dəhşətin heç zaman unudulmamalı olduğunu deyən millət vəkili bildirib ki, bir gecədə öldürülən 613 günahsız insanın ahını alan şəxslərin haqq-ədalət qarşısında cavab verəcəkləri gün yaxındadır.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanın artıq 30 ildir Cənubi Qafqazda sülh axtarışında olduğunu bildirib:

"Biz, 27 ildir Xocalıya ədalət axtarırıq. Bu müddət ərzində biz bu faciənin nəticələrini dünyaya çatdırmaqla məşğuluq. Əlbəttə, gördüyümüz işlər var. Biz, Türkiyə Respublikası və türk xalqının dəstəyi ilə dünyanın böyük bir qisminə bu qətliamın həqiqətlərini çatdıra bilmişik. Türkiyə də daxil olmaqla, dünyanın demək olar ki, bütün xalqları, dövlətləri Xocalıda nələrin baş verdiyini bilirlər. Bugünədək ABŞ-ın 22 ştatı daxil olmaqla, dünyanın bir çox ölkəsi Xocalıda baş verənləri qətliam olaraq qəbul edib. Biz Xocalıda baş verənləri tanıtmaq istiqamətində işlərimizi davam etdiririk. Xocalıya ədalət axtarışı artıq Azərbaycanın dövlət politikasıdır və bu siyasəti artıq yalnız Azərbaycan deyil Türkiyə Respublikasının yardımı və türk xalqının iştirakı ilə biz həyata keçiririk. 2007-ci ildən başlayaraq, Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayib Ərdoğan və İlham Əliyev Bakıda Azərbaycan-Türkiyə diaspora quruluşlarının toplantısı kçirilib. O toplantıdan başlayaraq, biz, iki dövlət olaraq diaspora qurumlarımızı birləşdirmişik və yeganə diaspora siyasəti yürüdürük. Bu gün dünya ölkələrində bizim kimi, türklər də Xocalıya ədalət axtarışında iştirak edirlər. Bu günlərdə Türkiyənin hər bir bölgəsində Xocalı qətliamı yad edilib".

Digər çıxış edənlər İstanbulun mərkəzi yerlərindən birində Xocalı soyqırımı qurbanlarının adının yaşadılmasını, Azərbaycan - Türkiyə qardaşlığına bariz nümunə kimi qiymətləndiriblər. Vurğulanıb ki, Azərbaycan-Türkiyə dostluq parkının salınması və Xocalı abidəsinin ucaldılması acılarımıza göstərilən ehtiram, eləcə də sülh çağırışıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm