Türkiyədə daha bir Xocalı abidəsi - FOTO
Bizi izləyin

Nida Xəbər

Türkiyədə daha bir Xocalı abidəsi - FOTO

Türkiyənin Samsun şəhərində yerləşən 19 May Universitetində Xocalı Parkı və parkda ucaldılan Xocalı soyqırımı abidəsinin açılış mərasimi keçirilib.

Publika.az xəbər verir ki, mərasimdə bu ali təhsil ocağının professor və müəllim heyəti, tələbələri iştirak ediblər.

Tədbir Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.

Universitetin prorektoru, professor Mehmet Ali Cengiz, ölkəmizin Ankaradakı səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, professor Azər Qasımzadə, Azərbaycanlı Tələbələr Təşkilatının sədri Bəhram Qəmbərli, Xocalı sakini Gülnaz Abdullayeva və başqaları çıxış ediblər.

Çıxışlarda 27 il bundan əvvəl erməni vandallarının Azərbaycanın Xocalı şəhərində xalqımıza qarşı törətdikləri soyqırımı aktının səbəb və nəticələrindən danışılıb. Diqqətə çatdırılıb ki, 19 May Universitetində Xocalı soyqırımı abidəsinin ucaldılması “Xocalıya ədalət!” çağırışıdır. Əminliklə vurğulanıb ki, dünyanın dörd bir tərəfindən bu nüfuzlu təhsil ocağında oxuyan tələbələr Xocalı soyqırımını törədənləri lənətləyəcək və bir daha yer üzündə belə bir soyqırımın baş verməməsi üçün çağırışlar edəcəklər.

Məlumat verilib ki, universitetdə Xocalı Parkının açılması və orada Xocalı soyqırımı abidəsinin ucaldılması professor Azər Qasımzadə və azərbaycanlı tələbələrin təşəbbüsü ilə həyata keçirilib. Universitetin rektoru, professor Sait Bilgic təşəbbüsə hörmətlə yanaşdığını bildirib və təhsil ocağının bütün rəhbər şəxslərinin fikri nəzərə alınıb. Əminliklə diqqətə çatdırılıb ki, ilk dəfə olaraq 19 May Universitetinin həyətində Xocalı Parkının açılması və orada Xocalı soyqırımı abidəsinin ucaldılması gələcəkdə başqa təhsil müəssisələrinin də bu təşəbbüsə qoşulmasına təkan verəcək.

Tədbir bədii hissə ilə davam edib. Azərbaycanlı tələbələr Xocalı soyqırımına, Vətənimizə həsr olunan şeirlər oxuyublar.

Sonra ölkəmizin Ankaradakı səfirliyinin təhsil müşavirliyi adından bu vətənpərvərlik missiyasında əməyi olan şəxslərə xatirə lövhələri təqdim edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm