Ramaldanov: Tonoyanın səsləndirdiyi fikirlər siyasi ritorikanın dəyişməsi cəhdidir
Bizi izləyin

Nida Xəbər

Ramaldanov: Tonoyanın səsləndirdiyi fikirlər siyasi ritorikanın dəyişməsi cəhdidir

David Tonoyanın səsləndirdiyi fikirlər sadəcə olaraq siyasi ritorikanın dəyişməsinə cəhddir. Çünki Ermənistan cəmiyyəti bundan əvvəlki bəyanatları ciddi qəbul etmirdi.

Bunu D.Tonoyanın Ermənistanın ictimai televiziyasında çıxışı zamanı bu ölkənin hərbi strategiyasının müdafiədən hücuma dəyişdiyini söyləməsi ilə əlaqədar AZƏRTAC-a müsahibəsində ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Ş.Ramaldanov bildirib: “İndi də yeni bir ifadə səsləndirirlər ki, hücum əməliyyatı keçirəcəyik, bununla əlaqədar yeni hücum xarakterli silahlar alacağıq və sair. Bəlkə də bunu demək olar. Amma bir az hərbi biliyi olan insan bunun nəyə əsaslandığını sual verər. Ermənistanda hansısa dəyişiklik, iqtisadi dirçəliş nəzərə çarpırmı, demoqrafik dəyişiklik varmı? Kreditlə alınan silahlarla hücum əməliyyatı aparmaq olmaz. Ermənistan pariteti müəyyən qədər saxlamaq üçün kredit vasitəsilə silah almağa məcburdur. Ancaq bu yolla hücum əməliyyatı aparmaq mümkün deyil. Çünki bu gün Ermənistan müasir silahları almaq üçün güclü iqtisadiyyata və geniş maliyyə imkanlarına sahib olmalıdır. İndi kimlərsə belə silahları hədiyyə etmir. Kredit vasitəsilə alınan silahlar isə təqdim olunan silahlardır.

Ermənistandan fərqli olaraq, Azərbaycan istənilən müasir silahları alıb, ordunun arsenalına daxil edir. Son bir neçə müşavirədə də Ali Baş Komandan İlham Əliyev yeni silahların alınması istiqamətində addımların atılacağını bəyan edib. Bu bəyanatlar da Ermənistan cəmiyyətini narahat edir. Narahat olan insanlar isə erməni cəmiyyətində sağlam düşünənlərdir və onlar “gələcək nəsillərə hansı Ermənistanı qoyub gedirik?” sualına cavab axtarırlar. Ermənistan iqtisadi böhrandan çıxmağı düşünmək əvəzinə, pariteti saxlamaq üçün yerdən kredit götürüb Rusiyadan silah alır və Dağlıq Qarabağda işğalçılıq siyasətini davam etdirir. Bu mənada Ermənistanın müdafiə naziri vacib amili bilməlidir ki, hücum edən tərəf müdafiə olunan tərəfdən ən azı üç dəfə güclü olmalıdır. Yəni, hərb elmində belə bir düstur var. On ildən artıq müddətdə Azərbaycanın hərbiyə ayırdığı vəsait haradasa Ermənistanın ümumi büdcəsinə bərabərdir. Bu fonda verilən bəyanat, göründüyü kimi, yersizdir. Təbii ki, bu bəyanat mülki şəxsə məxsusdur və D.Tonoyan hərbi biliklərə dərindən bələd olmayan şəxsdir. Onun bu çıxışı erməni cəmiyyətinə hesablanıb”.

Polkovnik qeyd edib ki, əgər Azərbaycan bütün imkanlarını səfərbər etsə, Ermənistan əsl faciə ilə üz-üzə qalacaq. Əgər Ermənistan hərb yoluna üstünlük verərsə, onda nəinki işğal olunmuş ərazilərimiz, dövlətimizin başçısının vurğuladığı kimi, tarixi Azərbaycan torpaqları haqqında da düşünmək lazım gələcək. Bu, həqiqətən də haqlı bəyanatdır. Artıq Ermənistan cəmiyyəti narahatdır və yeni gələn hakimiyyət heç cür möhkəmlənə bilmir. Çünki “Qarabağ klanı” hələ də güc və maliyyə imkanlarına malikdir. Bu gün Ermənistan həm geosiyasi sahədə, həm beynəlxalq aləmdə, həm də daxildəki problemlər fonunda uduzur və hərbi sahədə də məğlub olacağı qaçılmazdır. Belə bir vəziyyətdə Ermənistan müdafiə naziri nəyə əsaslanıb bu cür bəyanat verir? Ümumi vəziyyətdən xəbərdar, öz imkanlarına bələd olan və vəziyyəti qiymətləndirə bilən şəxs belə fikir səsləndirməz. D.Tonoyan heç bir əsası olmayan bəyanatlarla ancaq erməni ictimaiyyətinin diqqətini müvəqqəti yayındırmağı bacara bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm