Ombudsman parlamentdə illik hesabat verir
Bizi izləyin

Nida Xəbər

Ombudsman parlamentdə illik hesabat verir

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilir.

Publika.az
xəbər verir ki, parlamentin vitse-spikeri Ziyafət Əsgərov bildirib ki, birbaşa gündəliyə keçmə haqda təkliflər var.

Daha sonra İnsan hüquqları üzrə müvəkkilin illik məruzəsi dinlənilib.

Ombudsman Elmira Süleymanova Milli Məclisdə çıxışı zamanı qeyd edib ki, 2018-ci ildə ölkədə prezident seçkiləri keçirilib. Onun sözlərinə görə, ölkədə prezident seçkiləri yüksək fəallıqla, demokratik və azad şəkildə keçirilib.
Bundan başqa Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın regionlara səfəri, insanlarla səmimi görüşlər keçirməsi əhali tərəfindən yüksək qarşılanır.
2018-ci ilin dərin islahatlar ili olduğunu xatırladan Ombudsman qeyd edib ki, islahatlar çərçivəsində sosial iqtisadi problemlərin həlli önə çıxıb:

“Problemli kreditlərlə bağlı dövlətin addımı əhalinin yüksək səviyyədə yaşamasının təmin edilməsinə xidmət edir.
Habelə əmək haqlarının artırılması sosial problemlərin həllinə xidmət edəcək. Regionların inkişafına dair proqram, Vergi qanunvericiliyinə dəyişikliklər, minimum əmək haqqının artırılması da bu qəbildən olan addımlardır.
Hərbi qulluqçuların vərəsələrinə birdəfəlik 11 min manatın ödənilməsi, şəhid və Qarabağ əlillərinə 626 mənzilin verilməsi müsbət hadisələrdir.
Eyni zamanda Şamaxıda təbii fəlakət zamanı prezidentin yerli əhali ilə görüşləri, habelə İsmayıllı və Ağsuda zərər çəkən mənzillərə ayrılan vəsait insanlar tərəfindən yüksək qarşılanır.
2019-cu ildən icbari tibbi sığortanın tətbiqi əhalimizin səhiyyə xidmətlərinə əlçatanlığını daha da asanlaşdıracaq”.

Ombudsman qeyd edib ki, son illər ölkədə 3200 məktəb tikilib və təmir edilib. Bu məktəblər lazım olan əşyalarla təmin olunub.

Bir sıra bağçaların qəzalı durumda olduğunu deyən Elmira Süleymanova əlavə edib ki, bu problemin yaxın gələcəkdə həll olunacağına inanır.

Ombudsman həmçinin məktəbəqədər təhsil müsəssislərinin Təhsil nazirliyinin tabeçiliyinə qaytarılması haqqında məsələ qaldırdıqlarını vurğulayıb.

Hesabatda qeyd edilir ki, müvəkkilin fəaliyyəti dövründə onun ünvanına ümumilikdə 187 min 350, 2018-ci ildə isə 20 min 400 ərizə və şikayət daxil olub. Müvəkkilin səlahiyyətlərinə aid olmayan şikayətlərə baxılmasından imtina edilib. İcraata götürülən şikayətlərin 63,5 faizi təmin edilib. Müvəkkil tərəfindən aparılan monitorinqlərdə vətəndaşların üzləşdikləri problem və çətinliklər, onların yaranma səbəbləri araşdırılıb, həlli istiqamətində müvafiq təkliflər irəli sürülüb, lazımi tədbirlər görülərək bir çox hallarda pozulmuş hüquqların bərpasına nail olunub. 2018-ci il ərzində cəzaçəkmə müəssisələrinə, təhsil, səhiyyə, sosial, miqrasiya və dövlət uşaq müəssisələrinə əvvəlcədən xəbərdarlıq edilmədən 343 başçəkmə həyata keçirilib. Seçki hüququ ilə bağlı əhali arasında geniş maarifləndirmə tədbirləri həyata keçirilib. Hesabat dövründə dövlət orqanlarının nümayəndələri və yerli icra hakimiyyəti başçıları ilə birlikdə yerlərdə əhali qəbullarının təşkili, silsilə görüşlər, vətəndaşların hüquq mədəniyyətinin yüksəldilməsinə yönəldilmiş maarifləndirmə işləri səmərəli nəticə verib.
4 regionda – Quba, Şəki, Cəlilabad və Gəncədə yaradılmış regional mərkəzlər əhalinin müvəkkilə müraciətini asanlaşdırıb. 24 saat fəaliyyət göstərən 916 nömrəli “Uşaq qaynar xətti” və işgəncələrə qarşı qaynar xətt fəaliyyətini müvəffəqiyyətlə davam etdirib.

Qeyd edək ki, hazırda Ombudsman hesabatı deputatlara təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm