• USD 1,7000 0,00% EUR 1,8782 -0,34%
    • GBP 2,2307 -0,05% RUB 0,0275 0,00%
election

Prezidentin mühüm islahatı: AzTV-də nə dəyişdi?

Prezidentin mühüm islahatı: AzTV-də nə dəyişdi?

Prezident İlham Əliyevin hətta rəqiblərini belə təəccübləndirən islahatlar dalğası müxtəlif sahələrlə yanaşı, televiziyanı da əhatə etdi. Onun islahatlar planına televiziyanı da daxil etməsi əhalinin təkcə maddi-sosial deyil, psixoloji-mənəvi durumunun da qayğısına qalmasını göstərən amillərdən sadəcə biri idi.

Bu sözləri Axar.az-a açıqlamasında əməkdar jurnalist, Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızı deyib.

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə həyata keçirilən islahatların önəmindən danışan A.Camalqızı bildirib ki, bu xüsusda Prezidentin televiziya sahəsinə diqqətini nəzərdən qaçırmaq olmaz:

“Televiziya və radionun maddi-texniki bazasının gücləndirilməsi məqsədilə Prezident İlham Əliyevin sərəncamı ilə Milli Televiziya və Radio Şurasına 3 milyon manat vəsaitin ayrılması, gənc, savadlı, istedadlı kadr Rövşən Məmmədovun Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) QSC-yə sədr əvəzi təyin edilməsi Prezidentin bu sahəyə xüsusi nəzarətinin olduğunu sübuta yetirir.

Rövşən Məmmədovun gəlişi ilə bir neçə peşəkar şəxsin, o cümlədən xalq artisti Ramiz Həsənoğlunun telekanala qayıtması mediada və ictimaiyyətdə təqdirlə qarşılandı. Gənc kadrın televiziyanın bu vaxta qədər mövcud olan müsbət ənənələrinin bərpası yönündə atdığı addımlar, əlbəttə ki, dəstək görməyə bilməzdi. Təsadüfi deyil ki, hətta peşəkarlar, xalq artistləri böyük layihələrlə bu telekanala üz tutdu”.

Aynur Camalqızı Rövşən Məmmədov təyinatından sonra Azərbaycan telekanalları arasında öz fərqli üslubu ilə seçilən və yayımladığı proqramlarla vətəndaşların da rəğbətini qazanan AzTV-nin efirində mühüm yeniliklərin olduğunu vurğulayıb:

“Televiziyanın İnformasiya Proqramları Studiyasının təqdim etdiyi “Xəbərlər” proqramının formatında müsbətə doğru dəyişikliklər, yeniliklər oldu. Xüsusən, “Xəbərlər”in “Xüsusi reportaj” layihəsi auditoriyada böyük marağa səbəb olub. Verilişlərin, proqramların yeni dizaynı tematikliyini qorumaqla yanaşı, cəlbediciliyini təmin edib.

Siyasi verilişlərdən “Rakurs”, “Planet” kimi proqramlar yeni studiyalarda təqdim edilir. Bundan başqa, sənədli və televiziya filmləri istehsal edən “Azərbaycantelefilm”in uğurlu fəaliyyətini təmin etmək üçün mühüm addımlar atılıb. “Telefilm” artıq bir sıra tamaşaların hazırlanmasına start verib.

Bütün bunlar xüsusilə diqqət çəkir və ümumilikdə Azərbaycan televiziyasının gələcəyinə ümidlə baxmağımıza zəmin yaradır”.

Əməkdar jurnalist bildirib ki, telekanalda yayımlanan “Əsas məsələ”, “Nəsillərin debatı” kimi verilişlər izləyicilər arasında maraq doğurub, hətta tez-tez sosial şəbəkədə müzakirə mövzusuna çevrilir:

“Lakin tamaşaçılar daha çox yeniliklər görmək istəyir. Televiziya rəhbərliyinin bu gözləntiləri qarşılamağa çalışacağı şübhə doğurmur. Hətta bildiyimə görə, artıq televiziya əməkdaşlarının hazırlığını artırmaq məqsədilə müxtəlif kurslar təşkil edilib. İxtisasartırma xarakterli kurslarda Rusiyadan tanınmış televiziya jurnalistləri Oleq Şommer və Mariya Qladkixlə birgə məşğələlər təşkil edilib”.

A.Camalqızı sonda qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən ölkədə aparılan iqtisadi islahatlar və əldə olunan dinamik inkişaf Azərbaycan televiziyasında gün keçdikcə özünü daha müsbət yöndən göstərəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR