Mediatorlar hüquq təhsilli olmalıdr - Deputatdan qanun layihəsinə İRAD
Bizi izləyin

Nida Xəbər

Mediatorlar hüquq təhsilli olmalıdr - Deputatdan qanun layihəsinə İRAD

Milli Məclis “Mediasiya haqqında” qanun layihəsini müzakirəyə çıxarıb.

Publika.az xəbər verir ki, qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 12-ci bəndlərinə uyğun olaraq, mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir. Qanun 5 fəsildən və 40 maddədən ibarətdir.

Layihə haqqında məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseyli bildirib ki, qanunun tətbiqi məhkəmələrin işini müəyyən qədər azaldacaq.

Qanuna əsasən, vətəndaş məhkəmədən əvvəl Mediasiyaya müraciət edəcək və mübahisəli problemə burada baxılacaq. Vətəndaş istədiyi təqdirdə mediasiya prosesindən imtina edərək məhkəməyə üz tuta bilər.

Deputat Elmira Axunoda deyib ki, mentaliteti nəzərə alaraq bu institutun tətbiqi ölkədə asan olmayacaq. O, bildirib ki, bu institutla bağlı ciddi maarifləndirmə işi aparılmalıdır. Deputat təklif edib ki, "Mediasiya haqqında" Qanun iki il müddətinə qüvvəyə minməlidir.

Qeyd edək ki, hazırda qanunun 1 ildən sonra qüvvəyə minməsi nəzərdə tutulur.

Deputat Qüdrət Həsənquliyev qanunu əhəmiyyətli hesab edib. Bildirib ki, qanun onun təmsil olunduğu komitədə müzakirə edilərkən bəzi məsələlərə öz iradlarını bildirib: “Mənə demişdilər ki, qaldırdığım məsələlər öz həllini tapacaq. Ancaq indi qanuna baxanda məlum olur ki, iradlarım öz əksini tapmayıb. Qanunun 3-cü maddəsində qeyd edilir ki, tərəflər məhkəməyə müraciət etməzdən əvvəl mütləq mediasiyaya müraciət etməlidir. Bu tələb məcburi şəkildə qoyulur. Qanunun 37-ci maddəsinə görə, mediasiya xərcləri pulludur və tərəflər ödəməlidir. Mediasiya xərcləri kifayət qədər genişdir. Sonradan mübahisə bu institutuda həllini tapmasa və tərəflər məhkəməyə müraciət edəndə bu xərclər kim tərəfindən ödəniləcək? Qanunun 10-cu maddəsində mediator olmaq istəyən fiziki şəxslərlə bağlı tələblər öz əksini tapıb. Tələbə görə, mediator olmaq istəyən şəxs ali təhsilli, yaşı 25 və ən azı 3 illik iş stajına malik olmalıdır. Əgər 25 yaşlı insanın hüququ təhsili yoxdursa, problemi necə həll edəcək? Biz qanunun formal olmasını istəmiriksə, mediatorlar mütləq hüquqşünas olmalıdır. Keçmiş vəkillər, hakimlər və hüquq-mühafizə orqanlarının əməkdaşları mediatorlar olmalıdır. Əks halda, biz sadəcə iş yeri açmış olacağıq və bunun heç bir nəticəsi olmayacaq. İqtisadi məsələlərlə bağlı elə çətin işlər var ki, burada məhkəmə presidentlərindən istifadə olunur. Bunu heç vəkillərin, hakimlərin çoxu bilmir, hüquqi təhsili olmayan mediatorlar haradan biləcək? Bu mənada hesab edirəm ki, mediator olmaq istəyən şəxslərlə bağlı tələblər dəyişməlidir. Mentalitet nəzərə alınmalı və ən azı yaş həddi 30 olmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm