Londonda “Ört-basdır edilmiş soyqırımları” adlı tədbir keçirildi
Bizi izləyin

Nida Xəbər

Londonda “Ört-basdır edilmiş soyqırımları” adlı tədbir keçirildi

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin, Azərbaycan Evi diaspor təşkilatının dəstəyi və Londonda yerləşən Siti Universitetdəki Azərbaycan cəmiyyətinin təşəbbüsü ilə “Ört-basdır edilmiş soyqırımları” (The Masked Genocides) adlı tədbir keçirilib. Tədbir azərbaycanlılara qarşı 1918-ci ilin mart ayında törədilmiş soyqırımına və 1992-ci ildə törədilmiş Xocalı soyqırımına həsr edilib.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Evi diaspor təşkilatının rəhbəri Ali Tekin Atalar münaqişənin tarixi, Xocalı soyqırımınadək olan vəziyyət və Xocalıda törədilmiş hərbi cinayətlər barədə məlumat verib.

Sonra Azərbaycan Respublikasının Britaniyadakı səfiri Tahir Tağızadə iki soyqırımı arasında keçən 74 il ərzində beynəlxalq ictimaiyyətin soyqırımının qarşısını ala bilmədiyini, yalnız soyqırımına məruz qalan əhalinin sayının azaldığını təəssüf hissi ilə qeyd edib. T.Tağızadə 1918-ci il soyqırımından sonra Stepan Şaumyanın, Xocalı hadisələrindən sonra isə sabiq Ermənistan prezidenti Serj Sarkisyanın məlum sitatlarına diqqət çəkərək, hər iki halda törətdikləri əməli təkzib etməyən erməni tərəfinin əsas niyyətinin özlərinin iddia etdikləri kimi, öz müqəddəratını təyin etmək deyil, əksinə, onlara məxsus olmayan ərazini və resursları idarə etmək və qonşusunu qorxu altında saxlamaq olduğunu söyləyib.

Soyqırımının hüquqi aspektləri və Xocalı soyqırımı barədə təqdimatla çıxış edən Siti Universitetinin hüquq bölməsinin tələbəsi Sabir Məmmədov Azərbaycan xalqına qarşı törədilmiş hər iki soyqırımına (1918 və 1992) dair kifayət qədər faktlar olmasına baxmayaraq, bu faktların Ermənistan hökuməti tərəfindən ört-basdır edildiyini qeyd edərək, məhz buna görə tədbirə “Ört-basdır edilmiş soyqırımları” adını verdiklərini bildirib. Sabir Məmmədov soyqırımı sözünün ilk dəfə 1944-cü ildə meydana çıxmasından başlayaraq BMT-nin soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyasında hüquqi boşluqlar, eləcə də soyqırımının digər müharibə cinayətlərindən fərqi barədə danışıb.

Antropologiya və sosiologiya üzrə fəlsəfə elmləri doktoru, Azərbaycan Evi diaspor təşkilatının yaradıcılarından biri, Azərbaycan və region üzrə çoxsaylı nəşrləri olan gürcü əsilli professor Tamara Draqadze Xocalıda yaşananların təkzib edildiyi müddətdə sülhün bərqərar olunmasının mümkünsüzlüyünü vurğulayıb. O, Xocalı soyqırımı zamanı hadisə yerinə gedərək araşdırma aparan, Britaniyanın “The Times” qəzetinin müxbiri Anatol Lieven ilə şəxsən görüşdüyünü və onun Xocalıda gördüklərindən dəhşətə gəldiyini bildirib.

Londonda fəaliyyət göstərən hüquqşünas Ceyms Tirney soyqırımı hadisələrinin sayca azlığının bu xüsusda müqayisə imkanlarını məhdudlaşdırdığını, bununla belə Xocalı hadisəsinin beynəlxalq müstəvidə soyqırımı kimi tanınan hallarda müşahidə olunan bir çox aspektləri özündə ehtiva etdiyini diqqətə çatdırıb.

Daha sonra Azərbaycanın Britaniyadakı səfiri və digər panelçilər auditoriyanın suallarını cavablandırıblar.

Sonda “Qara Bağlar, Azərbaycan və Ermənistan müharibələri” (Black Orchards: Azerbaijan and Armenia’s Wars) adlı sənədli film nümayiş olunub.

Tədbirdə Siti Universitetində təhsil alan azərbaycanlı və xarici tələbələr, Azərbaycan diasporunun üzvləri, Britaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, eləcə də Azərbaycan səfirliyinin əməkdaşları iştirak ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm