Vyana görüşü bir daha təsbit edir ki... - Hikmət Hacıyev
Bizi izləyin

Nida Xəbər

Vyana görüşü bir daha təsbit edir ki... - Hikmət Hacıyev

Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar normal və konstruktiv ab-havada keçib.

Publika.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib: "Xeyli müddətdən sonra ilk dəfə idi ki, rəsmi qaydada Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan rəhbərliyi arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş təşkil olundu. Bu onu deməyə əsas verir və bir daha da təsbit edir ki, danışıqların formatı dəyişməz olaraq qalır və danışıqlar prosesi məhz Azərbaycan və Ermənistan arasında aparılır. Xatırlatmaq istərdik ki, hələ bu ilin 9 mart tarixində ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanatla çıxış edərək danışıqlar formatının dəyişdirilməsinin qəbuledilməzliyi məqamını xüsusilə vurğulamışdılar. Bildiyimiz kimi, Ermənistan tərəfindən bu kimi iddialar var, Azərbaycan isə qəti şəkildə buna etirazını bildirib".

Onun sözlərinə görə, bugünkü danışıqlar prosesi də bir daha göstərdi ki, münaqişə tərəfləri olaraq Ermənistan və Azərbaycan arasında münaqişənin həlli istiqamətində danışıqlar aparılmaqdadır: "Ümumiyyətlə, formata gəldikdə, bir daha qeyd etmək istərdim ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında 2 saatdan artıq təkbətək görüş oldu, danışıqlar aparıldı. Sonra isə həmsədrlərin və iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə danışıqlar davam etdirildi. Danışıqlar ümumilikdə üç saatdan artıq bir müddətdə aparılmışdır".

PA rəsmisi vurğulayıb ki, bu formatda danışıqların aparılması ümumiyyətlə münaqişənin həlli ilə əlaqədar olan prosesə yeni bir impuls verib:

"Nəticə etibarilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri və həmsədrlər tərəfindən, yəni “3+2” formatında birgə bəyanatla çıxış edildi və bu bəyanatda da danışıqlar prosesinin əsas məsələləri, substantiv məqamlar barədə geniş fikir mübadiləsinin aparıldığı qeyd olunur. Həmçinin sülh prosesinin irəli aparılması üçün münasib və münbit şəraitin yaradılmasının vacibliyi vurğulanır, danışıqlar prosesində konkret və nəticəyönümlü addımların atılmasının vacibliyi kimi məqamlar qeyd olunur. Bəyanatda da bildirildiyi kimi, dövlətimizin başçısı ilə Ermənistanın baş naziri arasında aparılmış müzakirələr nəticəsində belə bir ortaq fikir də olmuşdur ki, bundan sonra xarici işlər nazirləri səviyyəsində yenidən görüş keçirilsin və danışıqlar prosesinin irəliyə aparılması məsələləri müzakirə olunsun. Onu da qeyd etmək istərdik ki, iki ölkənin liderləri səviyyəsində olan bu görüşdən əvvəl Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin 4 dəfə görüşü olub və sonuncu görüş Parisdə 2019-cu ilin əvvəlində baş tutub. Həmçinin burada atəşkəslə bağlı məsələlər qeyd olunur. Ümumiyyətlə, onu nəzərə almaq lazımdır ki, atəşkəsin gücləndirilməsi prosesi substantiv danışıqların aparılması prosesi ilə paralel istiqamətdir, biri digərini tamamlamalıdır. Yekunda bir daha qeyd etmək istərdim ki, Vyanada aparılmış danışıqlar normal və konstruktiv ab-havada keçdi. Ən vacibi isə danışıqlar prosesinin formatı dəyişməz olaraq qalır və Ermənistan tərəfinin də bu prosesdə iştirakı açıq şəkildə formatın dəyişməzliyini bir daha təsbit etmiş olur".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm