Müdafiə Nazirliyindən David Tonoyana CAVAB: "Əlavə pul dilənmək..."
Bizi izləyin

Nida Xəbər

Müdafiə Nazirliyindən David Tonoyana CAVAB: "Əlavə pul dilənmək..."

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Nyu-York şəhərinin erməni diasporunun nümayəndələri ilə görüşdə Ermənistanın müdafiə naziri David Tonoyanın “ərazilər əvəzinə sülh formatını dəyişərək yeni ərazilər uğrunda yeni müharibə prinsipinə üstünlük verəcəyik, biz hücum bölmələrinin sayını artıracağıq ki, döyüş əməliyyatlarını düşmən ərazisində apara bilək”, kimi fikirlərini şərh edib.

"Report"a açıqlama verən Vaqif Dərgahlı bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın münaqişənin həlli ilə bağlı Vyanada keçirilən görüşü müsbət dəyərləndirdiyi halda bu ölkənin müdafiə naziri məsuliyyətsiz çıxışı Ermənistan hakimiyyətində mövcud olan hərc-mərcliyin, ikitirəliyin və özbaşınalığın əyani sübutudur.

“Ermənistan ordusunda hökm sürən acınacaqlı vəziyyətdən yaxşı xəbərdar olan D.Tonoyan bunu müxtəlif üsullarla ölkə rəhbərliyi və ictimaiyyətindən gizlətməyə çalışır. Eyni zamanda baş nazir N.Paşinyan ordu rəhbərliyini toplayaraq qapalı iclas keçirməklə Ermənistan silahlı qüvvələrinin cinayət aləminin qaydaları ilə idarə olunduğunu və bunun böyük problemə çevrildiyini bildirir. İş o həddə çatıb ki, N.Paşinyan Mehridə baş verən əsgər qiyamından ciddi narahatlığını ifadə edir, arxa cəbhədə yerləşən bölmələrdə qeyri-döyüş itkilərinin sayının artmasını dilə gətirir, Ermənistan müdafiə nazirliyi və baş qərargahındakı korrupsiya, oğurluq, rüşvətxorluq halları barədə ictimaiyyətə məlumat verir.

D.Tonoyan bu cür absurd və sərsəm bəyanatlar verməklə Ermənistanın işğalçı mahiyyətini bir daha rəsmi surətdə nümayiş etdirir ki, bu da ölkəmizin ərazi bütövlüyünə qarşı rəsmi Yerevan tərəfindən yeni təhdidlərin ifadə olunması kimi dəyərləndirilir.BMT-nin sülhün dəstəklənməsinə həsr olunmuş tədbirində iştirak edən bir müdafiə nazirinin erməni diaspora nümayəndələri ilə görüşdə bu cür aqressiv və irticaçı fikirlər səsləndirməsi Ermənistanın sülh və təhlükəsizliyin təmin edilməsinə yönəldilən beynəlxalq hüquq və normalara hörmətsizliyinin təzahürüdür.

Nyu-Yorkun erməni icması qarşısında çıxış edən D.Tonoyanın əsas məqsədi heç şübhəsiz onlarda çaşqınlıq yaratmaq, oğurladığı və talan etdiyi maliyyə vəsaitlərinin yerini doldurmaq üçün erməni diasporundan əlavə pul dilənməkdir. Bütün bu fikirləri tamamlayaraq qeyd edim ki, ərazilərin azad edilməsi üzrə qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün Azərbaycan Ordusu malik olduğu bütün qüvvə və gücünü düşmənin üzərinə endirməyə qadirdir və hazırdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm