Amerikalı ekspert: Ermənistan Qafqazda mövcud olan multikulturalizmi inkar edir
Bizi izləyin

Nida Xəbər

Amerikalı ekspert: Ermənistan Qafqazda mövcud olan multikulturalizmi inkar edir

Ermənistan Qafqazda mövcud olan multikulturalizmi inkar edir.

Publika.az Trend-ə istinadən xəbər verir ki, bu haqda Piter Teysin İspaniyanın "21-ci əsrin gündəliyi" adlı xəbər portalında dərc edilən "Ermənistanın Azərbaycana qarşı faşist təbliğatı" adlı məqalədə deyilir.

Məqalədə qeyd olunur: "Hər kəsə məlumdur ki, Ermənistanın Yerevan şəhərində və bütün dünyadakı təbliğat vasitələri davamlı olaraq zəhmətsevər və səmimi Azərbaycan xalqını sarsıtmağa istiqamətlənib. 2019-cu il fevralın 18-də mərkəzi Nyu York şəhərində yerləşən “Hyperallergic” elektron portalında qədim Azərbaycan torpağı olan Naxçıvan ərazisində guya Ermənistanın dini və mədəni abidələrinin olması və həmin abidələrin qiymətləndirilməsi barədə kifayət qədər geniş həcmli məqalə dərc edilib. Əslində məqalədə qeyd olunan dini və digər mədəniyyət abidələri minillik mədəni tarixi olan qədim Azərbaycan dövlətinə - Qafqaz Albaniyasına və Azərbaycan xalqına aiddir. Qeyri-mötəbər məlumatların əks olunduğu məqalənin müəllifləri olan Sara Pikman və Simon Maqakyan Azərbaycan xalqına və hökumətinə qarşı əsassız ittihamlar yönəltmişlər. Hər iki müəllifin əsas məqsədi kimi Naxçıvan əhalisinin heysiyyatına toxunmaq və qədim Azərbaycanla bağlı faktları saxtalaşdırmaq olub. Bununla onlar Azərbaycan hökumətinin ünvanına böhtan yağdıraraq ümumilikdə Qafqaz xalqlarının birgə xatirəsinə hörmətsizlik ediblər".

P.Teys yazır ki, Azərbaycan isə Ermənistan xalqına məxsus mədəni və dini abidələrin qorunmasına böyük diqqət ayırır: "Bakı şəhərinin mərkəzində 5500 nəşrdən ibarət kitabxananın olduğu erməni kilsəsi mövcuddur və bu dini abidənin qorunmasına Azərbaycan hökuməti tərəfindən kifayət qədər resurs ayrılıb. Burada bir haşiyə çıxmaq lazımdır ki, Azərbaycan Respublikasının ərazisinin 20 faizi məhz Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, işğal olunmuş ərazilərdə mövcud olmuş, Azərbaycan xalqının qədim tarixini özündə əks etdirən bütün mədəni və dini abidələr dağıdılıb. İşğal nəticəsində Dağlıq Qarabağ və yeddi ətraf rayonda yaşayan azərbaycanlılar zorla öz doğma yurdlarından didərgin salınıb".

Məqalədə bildirilir ki, S.Pikman və S.Maqakyan yanlış məlumatlarla oxuyucuda çaşqınlıq yaradır, qədim Azərbaycan tarixini inkar edir, açıq şəkildə Naxçıvan Muxtar Respublikasının hər kəsə məlum olan tarixinə ləkə yaxmağa, elmi faktları təhrif etməyə çalışırlar: "Hər iki müəllif faşist təbliğatı apararaq mətn boyu reallıqları əks etdirməyən məlumatlar və məqsədli şəkildə təhrif olunmuş şəkillər vasitəsilə Azərbaycanın minilliklər boyu mövcud olan mədəniyyəti və tarixinə ləkə yaxmaqla, Naxçıvanın zəngin tarixini inkar etməklə, Azərbaycanın bu regionunu Ermənistanın “mədəni orbiti”nə daxil etməklə rəğbət qazanmağa cəhd göstərirlər. Eyni zamanda qeyd etmək lazımdır ki, Ermənistan Qafqazda mövcud olan multikulturalizmi inkar edir və sülh və tərəqqiyə bağlı olmaq əvəzinə, qonşu Azərbaycan torpaqlarının işğalı hesabına öz ərazilərini genişləndirib. Həmmüəlliflər bir faktı da yaddan çıxarıblar ki, bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarında zorla çıxarılıb, ölkənin digər ərazilərinə pənah gətiriblər.

Belçikalı tarixçi və jurnalist, professor Jeton Kelmendi qeyd edir ki, qədim Azərbaycan tarixinin özünəməxsus izləri ölkənin digər əraziləri ilə yanaşı, Naxçıvanda da özünü göstərir, bu qədim tarixin qalıqlarına hazırkı Ermənistanın müxtəlif bölgələrində də rast gəlmək olar. Azərbaycan mədəniyyətinin izlərinə Ermənistanın paytaxtı Yerevan şəhərində də təsadüf edilir. Azərbaycan xalqına və mədəniyyətinə qərəzli yanaşma elmi faktlara və arxeoloji qazıntılara etinasız yanaşmaqdan başqa bir şey deyil".

Amerikalı ekspert bildirir ki, S.Pikman öz yazısında Ermənistan və Azərbaycan arasında onilliklər boyu mədəniyyət abidələri ilə bağlı mübarizənin getdiyini qeyd edərək, erməni diasporu tərəfindən aparılan məlumat müharibəsini təqdirəlayiq hal kimi qələmə verir: "Qeyd olunanların bir məqsədi var – yaşı minilliklərlə ölçülən Azərbaycan mədəniyyətini məhv etmək, Azərbaycanın Naxçıvan regionunun dəyərlərinə zərər vermək. Hər iki müəllif hazırda Ermənistanda cərəyan edən sosial, iqtisadi və siyasi problemləri görməzdən gələrək, Prezident İlham Əliyevin Avropa və dünyada sülh və tərəqqinin müdafiəsinə yönəlmiş xarici siyasət xətti yürütməsi fonunda gündən-günə siyasi və iqtisadi cəhətdən çiçəklənən Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir.

Pikmanın məqaləsi Ermənistanın mədəni və dini reallıqlarına xeyirdən çox, ziyan gətirir. Heç bir əsası olmayan məlumatların dərc edilməsi və Qafqazın mədəni və arxeoloji mühitinə zərər yetirməyə cəhd edilməsi Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan torpaqlarında ətraf mühiti çirkləndirməsi və meşələri məhv etməsi, Dağlıq Qarabağ və ətraf yeddi rayonda qədim Azərbaycan mədəniyyətinin nümunələrini vandalizmə məruz qoyması qədər təhlükəlidir. Digər tərəfdən, Ermənistanın Naxçıvan Muxtar Respublikası ilə sərhəd xəttində yerləşən erməni kəndləri boş və tərk edilmiş vəziyyətdədir. Bu, sərhədin qarşı tərəfində yerləşən, yüksək sürətlə inkişaf edən Heydərabad şəhəri (Azərbaycan, Naxçıvan MR) ilə erməni kəndlərini müşahidə və müqayisə edərək məntiqi nəticəyə gəlməyə kifayət edir. İnsan hüquqları və dini azadlıqları müdafiə edən şəxslər (Pikman və Maqakyan) çiçəklənən Heydərabad şəhərində müşahidə olunan inkişafı və sərhədin qarşı tərəfində yerləşən erməni kəndlərində Ermənistanın öz əhalisinin ləyaqətini necə alçaltması faktını müqayisə edərək nəticə çıxarmalıdırlar".

P.Teys qeyd edib ki, təhrif olunmuş məlumat və şəkillərdən istifadə olunmaqla yazılmış, qədim Azərbaycan torpaqlarında erməni məzarlığının olmasını iddia edən məqalə elektron portalları “çirkləndirir” və bu hala münasibətdə beynəlxalq ictimaiyyətin mövqeyinin bildirilməsi zəruridir: "Pikmanın “araşdırma”sında təbliğ olunan əsassız iddialara cavab vermək üçün heç bir lüzum yoxdur, bütün bu iddialar qeyri-səlisdir və təhrif edilib, oxucunu məqalədə qeyd olunan, Azərbaycanın Naxçıvan regionunun Culfa şəhərinin qədim və müasir tarixində baş verməmiş ittihamlar barədə düşünməyə sövq etmək ədalətli deyil.

Simon Maqakyan və digər mənbələr təsdiq edirlər ki, Sovet İttifaqının mövcudluğu dövründə azsaylı məzarlıqların bütün daşları ermənilər tərəfindən Azərbaycanın Culfa şəhərindən Ermənistana gətirilib. Sözügedən daşların əksəriyyəti bu ərazidə mövcud olmuş qədim Azərbaycan dövləti Qafqaz Albaniyasına aiddir. Eyni zamanda, məzar daşları Yerevanda spirtli içkilərin saxlandığı müxtəlif yerlərə (erməni ənənələrində məzar daşlarının bu cür yerlərə daşınması təcrübəsi mövcuddur) və Yerevan Milli Tarix Muzeyinə gətirilib".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm