Azərbaycanlı deputat: Erməni siyasətçilərin nifrət nitqlərinə son qoyulmalıdır
Bizi izləyin

Nida Xəbər

Azərbaycanlı deputat: Erməni siyasətçilərin nifrət nitqlərinə son qoyulmalıdır

İrəvan hər vəchlə sülh danışıqlarını pozmağa və işğal siyasətini davam etdirməyə çalışır. Azərbaycan müstəqilliyinin ilk illərindən münaqişəyə məruz qalıb. Bu münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub. Bütün beynəlxalq təşkilatlar, eləcə də BMT-nin Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair çoxsaylı qətnamə və qərarlar qəbul edib. Lakin Ermənistan dövləti bu qərarlara və beynəlxalq ictimaiyyətin haqlı çağırışlarına etinasız yanaşır və işğalçılıq siyasətini davam etdirir.

Publika.az xəbər verir ki, bu fikirləri AŞPA-da “Nifrət və dözümsüzlüklə bağlı çıxışlara qarşı mübarizədə siyasi liderlərin rolu və məsuliyyətləri” mövzusuna dair birgə müzakirələrdə erməni deputata cavab olaraq Azərbaycan nümayəndə heyətinin üzvü Sahibə Qafarova deyib.

"Azərbaycanın bu illər ərzində konstruktiv mövqeyinə və danışıqlara sadiq qalmasına baxmayaraq, Ermənistan rəhbərliyi münaqişənin həllinə mane olur, hər cür vəchlə danışıqlar prosesini pozmağa çalışır. Ermənistan dövlətinin rəhbər şəxslərinin münaqişənin həlli ilə bağlı aparılan danışıqları pozmağa yönəlmiş çıxış və bəyanatlarının şahidi olmuşuq. Hətta Ermənistanın keçmiş prezidenti Robert Koçaryan 2003-cü il yanvarın 16-da bu Assambleyada çıxışı zamanı "azərbaycanlılar və ermənilər birgə yaşamaq üçün etnik cəhətdən uyğun deyillər" deyə bəyanat vermişdi. Keçmiş prezident Serj Sarkisyan 2000-ci ildə ingilis jurnalist Tomas de Vaala müsahibəsində Xocalıda soyqırımı törətdiklərini etiraf edərək fəxrlə deyib ki, "Xocalıdan qabaq azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq”. Təəssüf ki, erməni dövlət başçıları ilə yanaşı, Ermənistanın ictimai-siyasi xadimlərinin, ziyalılarının da timsalında xalqlar arasında nifrət aşılayan bu cür çıxışlara rast gəlirik. Ona görə də əgər biz bütövlükdə regionda təhlükəsizliyə ciddi təhdidlər yaradan Ermənistanın işğalçılıq siyasətinin aradan qaldırılmasını istəyiriksə, erməni siyasətçilərin və ictimai xadimlərin nifrət nitqlərinə son qoyulmasına nail olmalıyıq. Ancaq hər şeydən əvvəl işğalçılıq siyasəti və onun nəticələri aradan qaldırılmalıdır", - o bildirib.

O, Ermənistanın dövlət rəhbərlərinin nifrət aşılayan nitqlərini xatırladıb.

Deputat çıxışına davam edərək bildirib ki, son zamanlar Avropada nifrət nitqi və dözümsüzlük artıb. Nifrətlə dolu çıxışlar, irqçi zəmində düşmənçilik, antisemitizm, eləcə də nifrətin digər formalarına dair ifadələrin istifadəsi siyasi müzakirələrin bir hissəsinə çevrilib. Bəzi siyasətçilərin irqçiliyə, ksenofobiyaya söykənən fikirlər söyləməsi gələcəkdə təhlükəli nəticələrə səbəb ola bilər.

O qeyd edib ki, Avropada irqi, dini və etnik ayrı-seçkiliyin hökm sürməsi heç kimə xeyir gətirməyəcək. Siyasətçilər nifrətin yayılmasına qarşı mübarizədə vacib rol oynayırlar, bunun üçün mənəvi məsuliyyət daşıyırlar. Siyasətçilər və müəyyən ictimai vəzifə daşıyan, yüksək ictimai nüfuza malik şəxslər ayrı-seçkiliyi, nifrəti alovlandıran, təşviq edən çıxış və fikirlərdən qaçmalı, eyni zamanda, bu səpkidə olan çıxışlara qarşı etiraz səslərini ucaltmalıdırlar. İnsanları, xalqları, onların yaşam tərzini hədəf alan, inteqrasiya və birgəyaşayışa ciddi əngəllər törədən davranışlara və nitqlərə birmənalı şəkildə son verilməlidir. Çünki nifrət barış, təhlükəsizlik, birgəyaşayış mühitini pozur, cəmiyyətlər və xalqlar arasında gərginlik və münaqişələr ortaya çıxarır.

S.Qafarova vurğulayıb ki, nifrət nitqlərinin qarşısının alınmasında ən təsirli vasitə demokratiyanın, insan hüquqlarının və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsini və insan ləyaqətinə hörmət edən cəmiyyət modelini təşviq etməkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm