Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümünü qeyd edildi - FOTO
Bizi izləyin

Nida Xəbər

Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümünü qeyd edildi - FOTO

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə Suraxanı rayonunda silsilə tədbirlər keçirilir.

Publika.az xəbər verir ki, Suraxanıdakı Heydər Əliyev Mərkəzinin, Rayon İcra Hakimiyyətinin və YAP Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Mərkəzin elektron lektoriya zalında “Zərifə Əliyeva – Məğrur qadın, fədakar ana, böyük alim” mövzusunda konfrans keçirilib.

Konfrans iştirakçıları Suraxanıdakı Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edib, Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik, ictimai xadim, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə rayondakı Heydər Əliyev Mərkəzində yaradılmış guşədə qoyulmuş büstü önünə tər güllərin düzüb, kitab sərgisi ilə tanış olub, akademik Zərifə xanım Əliyeva haqqında filmi izləyiblər.

Konfransın əvvəlində Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş sözü ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, akademik, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü bu günlərdə ölkəmizin hər yerində qeyd olunur. Xalqımız Zərifə xanım Əliyevanı sonsuz hörmət və məhəbbətlə xatırlayır. Bugünkü konfrans da Zərifə xanımın əziz xatirəsinə böyük ehtiramın ifadəsidir. Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın əziz xatirəsi anılır, nəcib insani keyfiyyətləri, elmi fəaliyyəti xatırlanır. Zərifə xanım seçdiyi sənəti ilə də, mənalı ömür yolundakı yorulmaz fəaliyyəti ilə də insanların gözlərinə nur bəxş edib.

Zərifə xanım Əliyeva elmi fəaliyyəti zaman-zaman öyrəniləcək və tədqiq olunacaq alimdir. Zərifə xanımın beynəlxalq konfrans və simpozumlarda alimlərin müzakirə mövzusuna çevrilən elmi nailiyyətləri Azərbaycan səhiyyəsinin dünyada daha geniş tanınmasına imkan verib. Oftalmologiya üzrə milli kadrların hazırlanmasında böyük rol oynayan, elmin bu sahəsinin inkişafına dəyərli töhfələr verən Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi çoxcəhətli və zəngindir.

Konfransda çoxsaylı tədqiqat əsərlərinin müəllifi Reyhan Mirzəzadə məruzə ilə çıxış edərək vurğulayıb ki, Zərifə xanım Əliyeva əsl ziyalı qadın idi. Bu ziyalılıq bir tərəfdən onun biliyində və savadında, digər tərəfdən isə simasındakı nurla, xasiyyətindəki təmkin və nəcibliklə özünü göstərirdi. Onun ən gözəl cəhətləri bəşəriyyətə və insanlara sevgisi, sevimli işinə hədsiz bağlılıq və ailəsinə vurğunluq idi. Zərifə xanım Əliyeva Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirmişdi, onları təcəssüm etdirirdi.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Ağacan Abiyev və Fərəc Quliyev, 24 nömrəli şəhər poliklinikasının həkimi Rəna Qanbayeva, 16 nömrəli uşaq poliklinikasının həkimi Ülviyə Əkbərova çıxış edərək Zərifə xanım Əliyevanın çoxcəhətli və zəngin fəaliyyəti haqqında danışıblar.

Konfransa yekun vuran İlqar Abbasov qeyd edib ki, Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini verib, gənc kadrların hazırlanmasında çoxşaxəli fəaliyyət göstərib. Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur və iftixar mənbəyidir. Amma bu adların sırasında ən şərəflisi Ana adıdır. Akademik Zərifə xanım Əliyevanın işıqlı obrazı heç zaman ürəklərdən silinməyəcək.

Konfransın bədii hissəsində əməkdar artist Zaur Əmiraslanov Zərifə xanım Əliyevanın sevdiyi mahnıları səsləndirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm