Elmar Məmmədyarov: Azərbaycan və Xorvatiya əməkdaşlığı möhkəmləndirməlidir - YENİLƏNDİ
Bizi izləyin

Nida Xəbər

Elmar Məmmədyarov: Azərbaycan və Xorvatiya əməkdaşlığı möhkəmləndirməlidir - YENİLƏNDİ

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov aprelin 29-da ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Respublikası Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri xanım Mariya Buriçlə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, xorvatiyalı nazir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və çox faydalı fikir mübadiləsinin aparıldığını qeyd edib.

Nazirlər ölkələrimiz arasında bir çox sahələr üzrə mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq məsələlərini müzakirə ediblər və əlaqələrin cari vəziyyətindən məmnunluqlarını bildiriblər.

Elmar Məmmədyarov 2013-cü il martın 11-də Prezident İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri zamanı Zaqrebdə imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əhəmiyyətini qeyd edib. Eyni zamanda, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin strateji əməkdaşlığımızın potensialına uyğun gəlmədiyini söyləyən nazir bu xüsusda tərəflərin birgə addımları nəzərdən keçirməli olduğunu deyib. Səfər çərçivəsində təşkil olunan Azərbaycan-Xorvatiya biznes forumunun bu baxımdan mühüm rol oynadığı bildirilib.

Nazir, həmçinin Xorvatiyadan olan həmkarına Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm infrastruktur, enerji və nəqliyyat layihələri haqqında məlumat verib və Xorvatiya şirkətlərini həmin layihələrdən yararlanmağa dəvət edib.

Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin sentyabrında Xorvatiyaya rəsmi səfərini məmnunluqla xatırlayan nazir Mariya Buriç ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb. İkitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf perspektivlərinin dəyərləndirilməsi baxımından Bakıda keçirilmiş biznes forumun önəmini vurğulayan xanım nazir növbəti belə tədbirin yaxın gələcəkdə Zaqrebdə təşkil ediləcəyini bildirib.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi barədə danışan nazir Elmar Məmmədyarov münaqişənin beynəlxalq hüququn prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin zəruriliyini bildirib. Bu xüsusda, Xorvatiyanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə davamlı dəstək mövqeyi məmnuniyyətlə qeyd edilib.

Tərəflər, həmçinin Azərbaycan-Avropa İttifaqı əlaqələri, Şərq Tərəfdaşlığının yubiley tədbirləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparıblar.

Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

***

Azərbaycan və Xorvatiya nəqliyyat sahəsində əməkdaşlığı möhkəmləndirməlidir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Xorvatiyanın Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Mariya Peyçinoviç-Buriçlə birgə mətbuat konfransında deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm