• USD 1,7000 0,00% EUR 1,9142 0,00%
    • GBP 2,1315 0,00% RUB 0,0271 0,00%

Vüqar Rəhimzadə: Sosial-iqtisadi sahələr üzrə kifayət qədər uğurlu nəticələr əldə edilib

Vüqar Rəhimzadə: Sosial-iqtisadi sahələr üzrə kifayət qədər uğurlu nəticələr əldə edilib

“Bu gün Azərbaycanın inkişaf dinamikası bütün dünyada nümunə göstərilir. Ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində regional və qlobal əhəmiyyətli layihələr gerçəkləşdirilir, insanların rifahı daha da yaxşılaşdırılır, gələcək üçün yeni imkanlar yaranır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə son 15 ildə Azərbaycan zəngin inkişaf dövrü keçib. Son bir ildir ki, yeni sosial-iqtisadi islahatların anonsu verilib və hər birimiz bunun şahidi oluruq. Dövlətimizin başçısının son dövrlərdə imzaladığı Fərman və sərəncamlar bir daha bunu sübut edir”.

Publika.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.

Vüqar Rəhimzadə qeyd edib ki, həyata keçirilən mühüm islahatlar nəticəsində sosial-iqtisadi sahələr üzrə böyük artım və kifayət qədər uğurlu nəticələr əldə edilib: “Belə ki, 2019-cu ilin birinci rübündə sənaye istehsalı 4,4 faiz artıb, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz, kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri isə 5,5 faiz artıb. İqtisadiyyata 2,8 milyard dollar sərmayə yatırılıb. Bu sərmayənin 2 milyardı qeyri-neft sektoruna qoyulub. Bununla yanaşı, minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət isə 50 faiz yüksəlib. Eyni zamanda, tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər də artıb.

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, qaçqın, məcburi köçkün və şəhid ailələrinə diqqət və qayğı da dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir: “Aprelin 30-da Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı bu məsələlərə xüsusi diqqət yönəldib. “Sosial məsələlər arasında, əlbəttə ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu il artıq 810 məcburi köçkün ailəsi yeni müasir qəsəbəyə köçürülür. Bu proses davam etdiriləcək. Bu, bizim ən prioritet məsələlərimizdən biridir. Bu məsələyə biz daim diqqət göstəririk", deyən möhtərəm Prezidentimiz bu kateqoriyadan olan insanlara dövlətin nə qədər həssaslıqla yanaşdığını nümayiş etdirib. Qeyd edək ki, bu il şəhid ailələrinə ən azı 800 mənzil veriləcək. Bütövlükdə, 6500-dən çox şəhid ailəsi dövlət tərəfindən mənzillə təmin edilib. Qarabağ müharibəsi əlillərinə isə bu il ən azı 600 minik avtomobili veriləcək”.

Vüqar Rəhimzadə əlavə edib ki, möhtərəm Prezidentimiz Nazirlər Kabinetinin iclasındakı çıxışında idarəetmə sahəsində də islahatların aparılmasının vacibliyini bildirib: “Dövlətimizin başçısı hər zaman qeyd edir ki, məmur xalqın qulluqçusudur və xalqa xidmət etməlidir. “Mən bunu demişəm, bu gün də, əvvəlki çıxışlarda da. Hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə də olacaq... Bu, ictimaiyyət tərəfindən də mütləq yüksək qiymətləndiriləcək. Ona görə bir daha demək istəyirəm ki, yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar.” Cənab Prezident İlham Əliyevin bu fikirləri bir daha onu göstərir ki, vətəndaş dövlət siyasətinin mərkəzində dayanır. Hesab edirəm ki, sadaladığımız bu və digər faktorlar onu deməyə əsas verir ki, 2019-cu il ölkəmiz tarixində uğurlu il kimi yadda qalacaq”.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR