Azərbaycan Ombudsmanı Beynəlxalq Simpoziumda iştirak etdi - FOTO
Bizi izləyin

Nida Xəbər

Azərbaycan Ombudsmanı Beynəlxalq Simpoziumda iştirak etdi - FOTO

Azərbaycan Ombudsmanı Elmira Süleymanova, Türkiyənin Ankara şəhərində Türkiyə Milli İnsan Hüquqları və Bərabərlik Qurumu tərəfindən təşkil olunan “Ailənin qorunması hüququ” mövzusunda Beynəlxalq Simpoziumda iştirak edib.

Publika.az-a Aparatın mətbuat xidmətindən verilən məlumata görə, 16 ölkədən insan hüquqları üzrə ekspertlərin, həmçinin BMT, Avropa İttifaqı, Avropa Şurası və başqa beynəlxalq qurumların nümayəndələrinin iştirak etdiyi tədbirdə Ombudsman Ailənin qorunmasında mediasiyanın rolu və Azərbaycan təcrübəsi mövzusunda məruzə ilə çıxış edib.

Ailə anlayışının cəmiyyət içində tarixi inkişafına toxunan Ombudsman müasir dünyada həyatın bütün sahələrində baş verən sürətli dəyişimlərin ailə bütövlüyünə göstərdiyi təsirlərə diqqət çəkib.

Gender bərabərliyinin ailənin təməlini gücləndirdiyini vurğulayan Ombudsman 1918-ci ildə ilk dəfə müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi bəyannamədə hətta bir çox Avropa ölkəsindən öncə qadınlara kişilərlə bərabər seçmək və seçilmək hüquqlarının verildiyini qeyd edib. Ombudsman həmçinin Bakı Dövlət Universitetinin Hüquq fakültəsində, sonra isə digər fakültələr əhatə olunmaqla “İnsan hüquqları” fənninin tədrisinə başlanıldığı, bundan əlavə Ombudsmanın təklifi ilə bir neçə ildir ki, BDU-da “Genderə giriş” fənninin tədris olunduğu və bu fənn üzrə dərs vəsaiti - mühazirələr toplusunun hazırlanaraq nəşr etdirildiyi barədə məlumat verib.

Ombudsman ölkəmizin müxtəlif regionlarında keçirilən içtimai dinləmələrdən danışaraq əhalinin bütün qruplarının hüquqlarının səmərəli müdafiəsi istiqamətində görülən işlər barəsində məlumat verib. Ailələrdə boşanma hallarının qarşısının alınmasında mühim rola malik mediasiya konsepsiyasının öyrənilməsi və tətbiq edilməsi üçün Avropa Şurası ilə birgə treninqlərin təşkil olunduğunu qeyd edən Ombudsman həmçinin Ombudsmanların Bakı Beynəlxalq Konfranslarında ailə daxili münaqişələrin həllində mediasiya üsulunun tətbiqinin təşviq olunması ilə bağlı fikirlər səsləndirdiyini bildirib.

Bundan əlavə, Ombudsman qeyd edib ki, müasir dövrümüzdə insan hüquq və azadlıqlarına yönəlmiş bir sıra çağırışlar mövcuddur ki, onlardan biri də həllini tapmayan silahlı münaqişələrdir. Beynəlxalq ictimaiyyət tərəfindən tanınmış Azərbaycan Respublikasının ərazilərinin, Dağlıq Qarabağ və yeddi ətraf rayonların erməni təcavüzkarları tərəfindən işğal olunduğu, münaqişə nəticəsində bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrilərək əsas insan hüquqlarından məhrum olduqlarını diqqətə çatdıran Ombudsman Ermənistan tərəfindən beynəlxalq ictimaiyyətin işğala son qoyulması ilə bağlı mövqeyinə, BMT nizamnaməsinə, insan hüquqları sahəsində olan beynəlxalq müqavilələrin müddəalarına əməl edilməsinin, pozulmuş insan hüquqlarının bərpası üçün vacib olduğunu vurğulayıb.

Ombudsman həmçinin bildirib ki, son illərdə Azərbaycan və Türkiyə arasında sosial, iqtisadi və mədəni sahələr üzrə əməkdaşlıq çox sürətlə inkişaf etməkdədir. İki ölkənin Ombudsmanları arasında imzalanan müqavilə ilə sözü gedən əlaqələr insan hüquqları sahəsində də uğurla davam etdirilməkdədir.

Ombudsman çıxışının sonunda Azərbaycan və Türkiyə Ombudsman Təsisatları arasında qurulan səmərəli əməkdaşlıq əlaqələrindən danışıb və bu əlaqələrin daha da gücləndirilməsi istiqamətində fəaliyyətlərin həyata keçirildiyini qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm